Fev 23, 2019 23:23 Asia/Baku

ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Amma, Azərbaycan ordusunun Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurularaq, məhv edilib.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1991-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə nəticələndi. Bu hərbi təcavüz  nəticəsində Dağlıq Qarabağ habelə, Azərbaycan Respublikasının daha 7 rayonu Ermənistan tərəfindən işğal edildi. Münaqişə bu günə kimi öz həllini tapmayıb.

Teqlər