Yan 07, 2018 12:28 Asia/Baku
  • İrandakı son iğtişaşlarda saxlanılanlar məhkəmə orqanına təhvil veriliblər
    İrandakı son iğtişaşlarda saxlanılanlar məhkəmə orqanına təhvil veriliblər

İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri sözçüsü deyib: İrandakı son iğtişaşlar zamanı saxlanılan şəxslərin hamısı məhkəmə orqanlarına təhvil verilib. Hazırda onların bir çoxu qanuni çərçivədə zəmanət müqabilində azadlığa buraxılıb. İğtişaşın başlıca amilləri və ümumi əmlaka zərər və ziyan yetirənlər isə hələ də nəzarət altında saxlanılırlar.

General-mayor Səid Müntəzir Əl-Məhdi bazar günü verdiyi açıqlamada İrandakı son iğtişaşlarda 20 nəfərin həyatını itirdiyinə işarə edib və deyib: Bəzi iğtişaşçılar və fürsət ardınca olan ünsürlər yanğınsöndürmə maşını ilə törətdikləri cinayətdə 3 nəfərin ölməsinə səbəb olublar. Bu hadisədə həyatını itirənlər bir ailənin üzvü olan ata, ana və övladları olub. 

İranın Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü daha sonra deyib: Ötən günlərdə bir qrup təxribatçı ümumi və şəxsi əmlaka zərər vurmaq, insanların canı və malına qarşı təhdid yaratmaqla bəzi iri və kiçik şəhərlərdə ümumi asayişi pozmağa cəhd göstəriblər. Bu təxribatçıların kimlikləri təhlükəsizlik qüvvələri tərəfindən müəyyən edildikdən sonra, onlar həbs olunublar. 

General-mayor Səid Müntəzir Əl-Məhdi lazımi xəbərdarlıqların edilməsinə və önləyici tədbirlərin alınmasına rəğmən, silahlı qüvvələrin qərargahlarına edilən hücumda çıxan silahlı insident zamanı insanların həlak olması hadisəsi barədə araşdırmaların aparıldığını bildirib və deyib: Bu hadisədə bəzi hüquq-mühafizə qüvvələri və digər hərbçilər də xəsarət alıblar. Və təəssüflər olsun ki, onlardan biri şəhid olub. 

28 dekabr 2017-ci il tarixindən başlayaraq, İranın bəzi şəhərlərində bir neçə gün davam edən nümayişlərdə insanlar iflasa uğramış maliyyə müəssisələrindəki əmanətlərinin taleyinə aydınlığın gətirilməməsi, bəzi gündəlik tələbat məhsullarının bahalaşması və mövcud vəziyyətə dövlət nəzarətinin zəifliyinə öz etirazlarını bildirməyə çalışdıqları zaman, bəzi iğtişaşçılar və fürsət ardınca olan ünsürlər yaranmış vəziyyətdən sui-istifadə edərək, bəzi xarici tərəflərin dəstəyi ilə çaxnaşma yaratmağa cəhd göstəriblər.