Fev 21, 2018 17:49 Asia/Baku
  • Şəmxani: ABŞ-ın milli təhlükəsizlik strategiyası dünya sülhünə qarşı yeni təhdiddir

İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: ABŞ-ın milli təhlükəsizlik strategiyası və nüvə doktrinası dünya sülhünə qarşı ciddi təhdiddir və BMT-nin nizamnaməsini pozur.

Əli Şəmxani çərşənbə günü Hollandiyanın xarici işlər naziri Sigrid Kaaq ilə görüşdə ABŞ prezidenti Donald Trampın nüvə silahlarının genişləndirilməsi üzrə siyasətinə işarə edib və deyib: Bu dəliliyə son qoymaq üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi bir zərurətdir. 

Şəmxani Asiyanın qərbində İŞİD-in İran, Suriya, İraq və Rusiya arasındakı geniş əməkdaşlıqlar sayəsində məhv olduğunu deyərək, əlavə edib: Mövcud dəlillərə əsasən ABŞ fasiləsiz olaraq regionda və Afrikanın şimalında terrorçu qrupları aktivləşdirmək və təşkilatlandırmaqla məşğuldur. Bu da ABŞ-ın dünya təhlükəsizliyinə əhəmiyyət vermədiyini sübut edir. 

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Avropa Birliyinin Yəmən böhranına müdaxilə etməsi və günahsız insanların Ərəbistan tərəfindən fasiləsiz şəkildə qırğın edilməsini durdurmasını vacib adlandırıb və deyib: Ali-Səudun Yəməndəki cinayətləri qarşısında sükut etmək, müdafiəsiz qadın və uşağın qırğın edilməsinə göz yummaq, Yəməndə yaşanan soyqırımına şərik olmaq anlamına gəlir. 

Hollandiyanın xarici işlər naziri Sigrid Kaaq da bu görüşdə İranın terrorizm ilə mübarizədəki roluna təkid edib və deyib: Hollandiya İran ilə əlaqələrin genişləndirilməsi ardıncadır. 

Teqlər