Noy 08, 2019 11:23 Asia/Baku
  • Miyanədə baş verən zəlzələdə beş nəfər həyatını itirib
    Miyanədə baş verən zəlzələdə beş nəfər həyatını itirib

İranın Şərqi Azərbaycan vilayətinin hadisələrin idarə olunması və təcili tibbi yardım mərkəzinin direktoru bu gün səhər tezdən elan edib ki, bu vilayətin Miyanə bölgəsində Rixter şkalası ilə 5,9 bal gücündə yeraltı təkan baş verib. İndiyədək beş nəfər həlak olub.

Fərzad Rəhmani bu zəlzələdə bədən xəsarəti alanların sayını 20 nəfər elan edibdir.

Şərqi Azərbaycan valiliyinin böhranın idarəçiliyi üzrə baş direktor Mohəmməd Baqer Honərbər də deyib ki, indiyədək hadisənin baş verdiyi bölgənin kəndlərində otuzdan çox yaşayış evinin dağılması haqda məlumat verilib.

Bu gün saat 02:17 dəqiqədə Rixter şkalası ilə 5,9 bal gücündə yeraltı təkan Miyanə bölgəsinin Tərk şəhərini titrədib.

Bu zəlzələ yerin səkkiz kilometr dərinliyində baş verib.

Bu yeraltı təkan İranın Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Zəncan və Qəzvin vilayətlərində hiss olunubdur.

Hazırda 16 yardım və xilasetmə qrupu zəlzələnin baş verdiyi bölgələrdə xidmət göstərməklə məşğuldur.

İranın böhranın idarəçiliyi təşkilatının sədri Esmail Nəccarın bildirdiyinə görə, Şərqi Azərbaycan vilayəti, həmçinin ətraf vilayətlərdən olan yardım, xidmət, böhranın idarə olunması amil və dəstələri, eləcə də hüquq-mühafizə qrupları tam hazır vəziyyətdədirlər.