• Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin iclası keçirilib

Oktyabrın 26-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatda bu sahənin perspektivliyinin artırılması ilə bağlı ideya bankının formalaşdırılması, mövcud vəziyyətin dəyərləndirilməsi və investisiyaların cəlb edilməsidir.

Tədbir çərçivəsində ECO-ya üzv olan ölkələrin aidiyyəti qurum rəhbərlərinin çıxış və təqdimatları olub.

İclasda çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur iqtisadiyyatın qloballaşmasından sonra orta iqtisadiyyatların sıradan çıxmasının önlənilməsində regional əməkdaşlıqların önəminə təkid edib və İƏT-in bu sahədəki roluna təkid edib.

Hadi Süleymanipur daha sonra bildirib ki, Bakıda keçirilən bu tədbir ölkələr arasında özəlləşmə sahəsində təcrübə mübadiləsinin aparılması, üzv dövlətlərdə tətbiq olunan innovativ layihələrin öyrənilməsi, sözügedən sahədə əlaqələrin qurulması baxımından uğurlu platformadır.

Daha sonra söz alan İranın Özəlləşmə Təşkilatının prezidenti Mir Ali Aşraf Abdollah Pourihossein isə İranda özəlləşdirmə sahəsində görülən işlərə dair geniş izahat verib və üzv dövlətlərdə özəlləşmə ilə bağlı qanunvericilik və tənzimləmə siyasətinin optimallaşdırılmasını, çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsini vacib sayıb.

O, daha sonra İranda xarici investisiyaların qoyulması üçün nəzərdə tutulmuş güzəştlərə və qaydaların sadələşdirilməsinə işarə edərək, deyib: İƏT-ə üzv ölkələrdəki bütün iş adamları və sərmayə sahibləri İran bazarlarında və iqtisadi layihələrində iştiraka dəvət olunurlar. 

İranın Özəlləşdirmə Təşkilatının prezidenti çıxışının davamında Bakı iclasını özəlləşdirmə sahəsində üzv ölkələr arasında təcrübə mübadiləsi üçün münasib fürsət adlandırıb və öncəki iclaslarda qəbul edilmiş qərarların icrasına təkid edərək, deyib: Ümidvaram 7 il fasilədən sonra keçirilən bu iclas bütün üzv ölkələrdə özəl sektorun inkişafında müsbət təsirə malik olsun. 

İclasda çıxış edən Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov da son bir neçə ildə ölkədə həyata keçirilən layihələr nəticəsində kənd təsərrüfatı, inşaat, maliyyə, nəqliyyat, rabitə, ticarət, xidmət kimi sahələrdə investorlar üçün cəlbediciliyin artmaqda olduğunu deyib. 

Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasının sədri seçilib.

Tədbirdə digər üzv dövlətlərdə də özəlləşdirmə sahəsində yeniliklərlə bağlı çıxışlar dinlənilib. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və Sənaye Palatasının özəl sektorla bağlı fəaliyyəti haqqında, “Özəlləşdirmədə prioritet sahələr və əməkdaşlığın genişləndirilməsi”, “Enerji, telekommunikasiya və digər infrastruktur sahələrində dövlət-özəl tərəfdaşlığı”, “Xarici birbaşa investisiyalarda özəlləşdirmənin rolu” mövzularında çıxışlar olub.

Daha sonra ECO katibliyinin fəaliyyəti ilə bağlı hesabat dinlənilib.

Sonda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumu rəhbərlərinin 6-cı iclasının nəticəsi olaraq “Özəlləşdirmə üzrə Bakı Bəyanatı”qəbul olunub.

Teqlər

Oct 26, 2018 22:39 Asia/Baku
Şərhlər