• İranın qərbində zəlzələ qurbanlarının sayı ilə bağlı ən son məlumatlar
    İranın qərbində zəlzələ qurbanlarının sayı ilə bağlı ən son məlumatlar

İranın Kermanşah ostanı Məhkəmə Ekspertizası İdarəsinin ictimai əlaqələr şöbəsi bazar ertəsi günü gecə yaydığı məlumatda zəlzələ nəticəsində 413 nəfərin həyatını itirdiyini bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Xilasetmə Təşkilatının sözçüsü Behnam Səidi də bazar ertəsi günü gecə deyib: İndiyə kimi zəlzələ nəticəsində 7370 nəfərin xəsarət aldığı dəqiqləşdirilib. 

Bazar günü gecə İranın qərbində Rixter şkalası ilə 7.3 bal gücündə zəlzələ baş verib. Baş vermiş zəlzələnin ardınca İranın Kermanşah ostanında 193 yeraltı təkan qeydə alınıb. 

İranın nazirlər kabineti bazar ertəsi günü gecə bir bəyanat yayaraq, bu günü (çərşənbə axşamı) ölkədə ümumi matəm elan edib. 

Ölkə rəsmiləri, ordu başçıları və müxtəlif hərbi rəsmilər o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri və İran İslam Respublikası ordusunun baş komandanı ordu generalı Əbdürrəhim Musəvi vəziyyəti yaxından araşdırmaq və lazım olan işləri proqramlaşdırmaq məqsədi ilə zəlzələdən zərərçəkmiş məntəqələrə gediblər. 

İran İslam Respublikası prezidentinin göstərişi əsasında daxili işlər və səhiyyə nazirləri habelə, Qırmızı Aypara Cəmiyyətinin sədri də Nazirlər Kabinetinin üzvlərindən təşkil olunmuş bir heyət ilə Kermanşah ostanına səfər edib. 

Zəlzələdən zərərçəkmiş insanların sürətlə müvəqqəti məkanlarda məskunlaşdırılması əməliyyatına elə zəlzələnin ilk saatlarından start verilib. Sepah, ordu və Bəsic qüvvələrinin imkanlarından istifadə edərək, zəlzələdən zərərçəkənlərə yardımların çatdırılması əməliyyatı hələ də davam edir. 

Zəlzələdən zərərçəkmiş məntəqələrdə səyyar xəstəxanalar da təsis edilib və könüllü qüvvələrin bu məntəqələrə göndərilməsi davam edir. 

Nov 14, 2017 09:45 Asia/Baku
Şərhlər