• Beytülmüqəddəsi müsəlmanlardan ayırmaq olmaz
    Beytülmüqəddəsi müsəlmanlardan ayırmaq olmaz

İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib: Müsəlmanlar Beytülmüqəddəsi özlərinin ilk qibləsi hesab edirlər və bu müqəddəs diyarı siyasi oyunlarla sayı 1.5 milyard olan müsəlmanlardan qoparmaq olmaz.

Cənab Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında mübarək Ramazan ayının gəlib çatmasına işarə edərək, Ramazan ayını rəhmət, bərəkət və məğfirət ayı adlandırıb və İran xalqı və dünya müsəlmanlarını bu ayın gəlib çatması münasibətilə təbrik edərək, deyib: Ramazan ayı bəndələr üçün ilahi rəhmət, məğfirət və bağış ilə yanaşıdır. Ümidvaram hamı Ramazan ayında açılan ilahi süfrədən maksimum şəkildə bəhrələnə bilsiin.

İran prezidenti daha sonra deyib: İsrail rejimi və Amerika elə təsəvvür edirlər ki, Fələstin xalqına qarşı təzyiqləri artırmaqla onları öz haqlarına göz yummağa məcbur edə bilərlər. Və ya təzyiq yolu ilə dünya müsəlmanlarını öz torpaqlarından yəni Beytülmüqəddəsdən ayıra bilərlər. Bu böyük bir səhvdir.

Həsən Ruhani Fələstin xalqının bu zülmə dözməyəcəyini deyərək, əlavə edib: Fələstin xalqı 70 il müqavimət göstərib və bundan sonra da müqavimət göstərəcək və sonda öz haqq və hüquqlarını təmin edəcək.

Fələstin xalqı öz torpaqları üçün savaşır və çox təəssüfləndirici haldır ki, bəzi Qərb ölkələri haqsız olaraq İsrailin cinayətləri üçün "qanuni müdafiə" kimi uyğunsuz kəlmələrdən istifadə edirlər.

Prezident Həsən Ruhani İran İslam Respublikasının daim Fələstini xalqının haqq və hüquqlarını müdafiə etdiyini və bundan sonra da bu yolu davam etdirəcəyini deyərək, əlavə edib: Biz daim təcavüzkarlar və zalımlar qarşısında dayanacağıq. Biz inanırıq ki, ən sonda məzlumlar və fələstinlilər qələbə çalacaq.

İran prezidenti çıxışının bir başqa hissəsində nüvə anlaşmasına işarə edib və deyib: İran xalqı daim düşmənlərin xüsusilə ABŞ-ın fitnələri qarşısında dayanıb, müqavimət göstərib və he bir təzyiq qarşısında təslim olmayacağını sübut edib.

Ruhani sonda deyib: Nüvə məsələsində bəziləri elə təsəvvür edirlər ki, təzyiq göstərmək və sanksiya tətbiq etməklə İran xalqını təslim olmağa vadar etmək olar. Amma, İran xalqı öz müqaviməti və mübarizələri ilə sübut edib ki, bu yanlış təfəkkür və səh yoldur.

May 16, 2018 14:40 Asia/Baku
Şərhlər