Aug 15, 2019 07:33 Asia/Baku
  • İran hər bir təcavüzə qüdrətlə cavab verəcək

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini dünən Tehranda İndoneziya parlamentinin xarici siyasət, təhlükəsizlik və müdafiə komissiyasının sədri ilə görüşdə deyib ki, İran öz müasir tarixində heç bir müharibənin başlayıcı olmayıb və bundan sonra da olmayacaqdır, amma özünümüdafiədə azacıq da olsa belə, tərəddüd etməyəcək və hər bir təcavüzkara dərhal və dağıdıcı cavab verəcəkdir.

Seyyed Əbbas İraqçı bu görüşdə İran-İndoneziya münasibətlərinin hərtərəfli şəkildə genişlənməsini alqışlayaraq, İran İslam Respublikasının müdafiə siyasətini açıqlayıb. Bildirib ki, İranın müdafiə bacarıqlarının gücləndirilməsi önləyicilik cəhətinə malik olaraq, heç bir digər ölkəyə qarşı deyildir.

İraqçı İranın dinc nüvə proqramı və Amerikanın əsassız iddialarına da toxunub: İslam İnqilabının Böyük Rəhbərinin fitvasına görə, İran hər cür kütləvi qırğın silahından istifadəni haram bilərək, rədd edir, amma öz alimlərinin bacarığı ilə nüvə texnologiyasını yerli surətdə və bir dinc proqram formasında genişləndirəcəkdir.

İraqçı Amerikanın İrana qarşı zalımcasına sanksiyalarına da toxunub. O, qeyd ediib ki, bu sanksiyalar qanunsuzdur və insanlığa zidd mahiyyət daşıyır, amma İran onu milli iqtisadiyyatda dəyişiklik üçün bir fürsətə çevirmək əzmindədir.

İndoneziya parlamentinin xarici siyasət, təhlükəsizlik və müdafiə komissiyasının sədri Əbdulxəris əl-Məşhəri də bu görüşdə iranlıların özünəinamları və istiqlallarını yüksək dəyərləndirərək, iki ölkə arasında parlament əməkdaşlıqlarının dərinləşdirilməsini vurğulayıb və ölkəsinin terrorizm və ekstremizm ilə mübarizə daxil olmaqla bütün sahələrdə İranla həmkarlığa hazır olduğunu bildirib.

Şərhlər