May 11, 2019 07:10 Asia/Baku
  • Dindarlara qarşı qeyri-insani rəftara son qoyulmalı
    Dindarlara qarşı qeyri-insani rəftara son qoyulmalı

Fəallar həbsdə olan dindarların səhhəti və onlara qarşı rəftarla bağlı narahatlıqlarını bildiriblər.

Turan-ın məlumatına görə, Dindar siyasi məhbusların hüquqlarını Müdafiə Komitəsinin mayın 10-da təşkil etdiyi "Siyasi məhbuslara qarşı repressiyalar və işgəncələr" mövzusunda "dəyirmi masa"nın iştirakçıları hakimiyyəti dindarlara qarşı işgəncə faktlarının araşdırılmasına, onlara tibbi yardım göstərilməsinə və onların hüquqlarının bərpasına çağırıblar.

Komitənin həmsədri Eldəniz Quliyev görüşü açaraq həbsxanalarda dindarlara qarşı qeyri-insani rəftar və işgəncələr barədə daxil olan məlumatlarla bağlı narahatlığını bildirib.

2018-ci ilin Gəncə hadisələri üzrə ittiham olunanlar xüsusilə amansız rəftara məruz qalıblar.

"Həmin insanlara qarşı törədilənlər nə qanunla bir araya sığır, nə də humanizmlə. İş o yerə çatıb ki, məhbuslardan biri nəzarətçidən dərman istədiyinə görə onu döyüblər və ayağından asıblar", - E.Quliyev bildirib.

Komitənin digər həmsədri Rövşən Əhmədli ictimaiyyəti dindar siyasi məhbuslara qarşı özbaşınalığa laqeyd qalmamağa çağırıb.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti konsolidasiya olmalı və işgəncələrə, alçaltmalara, dini fəallar da daxil olmaqla, bütün siyasi məhbusların əsassız təqib olunmasına son qoyulmasını tələb etməlidir.

Yazıçı Zümrüd Yağmur diqqəti dindarların səhhətinin pozulmasına yönəldib.

Qobustan həbsxanasında işgəncə nəticəsində Abbas Hüseynovun ayağında maye toplanması prosesi gedir.

Cabbar Cabbarov qaraciyər xəstəliyindən əziyyət çəkir. Ceyhun Əliyev və Sahil Rzalının da ciddi problemləri var. Babək Həsənovun qaraciyər və onurğa problemi var.

 

Nardaran əməliyyatı zamanı ayağından yaralanmış Şamil Abdullayevin əməliyyata ehtiyacı var. Əks halda onu ayağının 15 sm. qısaldılması təhlükəsi gözləyir. Ancaq sözügedən məhbuslar keyfiyyətli tibbi yardımla təmin olunmurlar.

Görüşün yekunlarına əsasən bəyanat qəbul edilib. Bəyanatda hakimiyyətdən təhqiqatların obyektivliyinin təmin edilməsi, məhbuslarla qanunsuz davranış formalarına yol verilməməsi, onların hüquqlarına əməl edilməsi, işgəncələrin törədilməsində və cinayət işlərinin saxtalaşdırılmasında günahı olanların cəzalandırılması tələb olunur.