Sen 17, 2020 12:46 Asia/Baku
  • Ailəsi F.Qəhrəmanlının səhhətindən narahatdır

Ailəsi Azərbaycan Respublikasının Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Fuad Qəhrəmanlının səhhətindən narahatdır.

SəhərAzəri xəbər verir, Bu barədə F.Qəhrəmanlının ailə üzvlərindən biri bildirib.

Verilən məlumata görə, ailəsinin F.Qəhrəmanlı ilə ardıcıl əlaqəsi yoxdur: "Axırıncı dəfə o, sentyabrın 1-də evə zəng edib. Geyim, ərzaq, sinir sistemi ilə bağlı, kardioloji və şəkərlə bağlı müəyyən dərmanlar və bir də şəkərini ölçmək üçün test istədi. Başqa heç nə demədi".

Həmçinin bildirilib ki, o, məcbur olub vəkilindən də imtina etdiyindən ailəsinin və yaxınlarının onundan xəbər tutması çətinləşib.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

F.Qəhrəmanlı iyulun 23-də saxlanıb. Ondan sonra hüquq müdafiəçisi Rüfət Səfərov və AXCP-dən onlara F.Qəhrəmanlıya işgəncə verilməsi ilə bağlı məlumat daxil olduğunu açıqlamışdılar. Amma hüquq-mühafizə orqanları və Ombudsman Aparatı belə məlumatları təkzib etdilər.

Lakin AXCP-nin tutduğu vəkilin F.Qəhrəmanlı ilə görüşmək istəyinin gerçəkləşmədiyi ilə bağlı məlumatlar yayıldı. Sonradan məlum oldu ki, o, həmin vəkildən imtina edərək dövlətin ayırdığı müdafiəçi ilə kifayətləndiyini bildirib. Bu barədə elə onun partiyasının tutduğu vəkili açıqlama verdi. AXCP-dən isə hesab edirlər ki, F.Qəhrəmanlı kimi dəfələrlə həbs olunan siyasətçi onların ayırdığı vəkildən təzyiq altında imtina edə bilər. Amma rəsmilər də belə ehtimalları təsdiq etmirlər.

F.Qəhrəmanlı buna qədər iki dəfə uzunmüddətli həbs edilib, bir çox dəfə isə inzibati qaydada sutkalıq cəzalar alıb. O, sonuncu dəfə uzunmüddətli həbsi 2015-ci ildə altı nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə almışdı. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdi.

2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan F.Qəhrəmanlı ittihamları qəbul etmirdi.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılan onlarla şəxs tutulub. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü̈ saxlanıb. Onlardan 17 nəfərə orduya dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq i̇darəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürüldüyü, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirilir. Partiya habelə qeyd edib ki, daha 18 cəbhəçiyə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib, 10 nəfər isə saxlandıqdan sonra sərbəst buraxılıb. Amma bu məlumatları rəsmilərdən tam dəqiqləşdirmək mümkün olmayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Artiq bu işlə bağlı istintaqın yekunlaşdığı bildirilir. Verilən məlumata görə, 37 nəfər bu işlə bağlı ümumilikdə istintaqa cəlb edilib, onlardan 36-sı haqqında həbs-qətimkan tədbiri seçilib. Onlardan biri də F.Qəhrəmanlıdır. Amma F.Qəhrəmanlının heç həmin aksiyada iştirak etmədiyi deyilir. Bu cinayət işi üzrə həbs olunanlara, əsasən, özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması kimi ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verildiyi deyilirdi. Lakin sentyabrın əvvəlində bu ittihama xitam verilib. Partiya ittihamların saxta olduğunu bəyan edib.

Teqlər