Okt 26, 2020 00:24 Asia/Baku
  • İlham Əliyev:

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Əliyev operativ müşavirədə qeyd edib: "Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm".

Azərbaycan Prezidenti bildirib: "bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və faktiki olaraq 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik, bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür”.

İlham Əliyev vurğulayıb ki, 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. Həmin qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir.

Əliyev əlavə edib: "Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. 

Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib". 

 

 

Teqlər