Yan 20, 2016 20:59 Asia/Baku
  • QAT antiböhran təklifləri ilə çıxış etdi
    QAT antiböhran təklifləri ilə çıxış etdi

Qarabağ Azadlıq Təşkilatı İdarə heyətinin geniş iclasında ölkədəki ağır sosial-iqtisadi vəziyyətlə bağlı məsələ müzakirə olunub, təkliflər planı qəbul olunub və dövlət başçısına göndərilib

İslamazeri.az saytının məlumatına görə, QAT-ın hazırladığı sənəddə göstərilir:

1. Ölkədə milli barışıq, milli birliyin gücləndiriliməsi istiqamətində addımlar atılsın. Geniş amnistiya elan olunsun, bir çox məhbusların azadlığa çıxması təmin olunsun. Ölkədəki iqtisadi-sosial vəziyyətə görə məsuliyyət daşıyan Nazirlər Kabineti tam heyətdə istefaya göndərilsin.

2. Milli Birlik Komitəsi yaradılsın. Siyasi, ictimai qurumların nümayəndələri, ictimai xadimlər, mətbuat təmsilçiləri, iqtisadi və siyasi ekspertlər bu quruma daxil edilsinlər.

3. Bütün bank kreditlərinin 10 min ABŞ dollarına qədər olan hissəsi banklara dövlət tərəfindən ödənilsin, borcların yerdə qalan hissəsinin aşağı faizlərlə ödənilməsi müəyyən edilsin.

4.Məscidlərin, restoranların, şadlıq saraylarının, həmçinin iri şirkətlərin nəzdində sosial yeməkxanalar açılsın, imkansız şəxslərə gündə 3 dəfə pulsuz yemək verilsin.

5. İşsizlər üçün kütləvi ictimai işlər təşkil edilsin. Adamların gündəlik 10-15 manatlıq, həm də öz zəhməti ilə çörək pulu qazanmasına şərait yaradılsın.

6. Dövlətin nəzarətində olan sosial xəstəxana və apteklər yaradılsın.İmkansız insanların pulsuz müayinə, müalicə və dərmanalara olan təminatı üçün şərait yaradılsın.

7.Sosial mağazalar yaradılsın. İmkansız insanalara ucuz qiymətə gündəlik tələbat mallarının satışı təmin edilsin. Ticarət mərkəzlərində idarəçilik, icarə və digər sahələrdə özbaşınalığa son qoyulsun.

8. Həddindən artıq məsrəfli beynəlxalq tədbirlərdən, o cümlədən idman yarışlarından imtina edilməlidir.

9. Ölkəyə mal idxalını azaltmaq, ölkədən mal ixracını maksimum artırmaq lazımdır.

10. Ölkə iqtisadiyyatında əsas diqqət aqrar sahəyə, kənd təsərrüfatına yönəldilməli, investisiya qoyulmalı, şərait yaradılmalı, stimul təmin edilməlidir. “Qabaqcıl ölkə olmaq üçün sənaye ölkəsi olmaq lazımdır” tezisi artıq köhnəlib.

11. İqtisadi siyasətin məqsədi orta sinifin formalaşdırılmasından ibarət olmalıdır. Orta sinifin hakim olduğu cəmiyyətdə rüşvət, oğurluq, saxtakarlıq və digər naqisliklər öz- özünə aradan çıxır.

12. İndiki şəraitdə bu siyasətin həyata keçirilməsi, ilkin kapitalın əldə olunması üçün birinci növbədə bütün oliqarxların əmlakı, daxili və xarici banklardakı pulları müsadirə olunmalıdır. Neftdən gələn bütün gəlirlər bu istiqamətə yönəldilməlidir.

13. Bu siyasətin həyata keçirilməsi üçün ciddi kadr dəyişiklikləri edilməli, cəmiyyətin bütün təbəqələrindən milli kadrlar cəlb olunmalı, yerlibazlığa, qrupbazlığa son qoyulmalı ciddi dövlət nəzarəti mexanizmi yaradılmalı və ləngimədən işə başlanılmalıdır."

Teqlər