• Hikmət Hacıyev

Azərbaycan dövləti Dağlıq Qarabağda "prezident seçki"sinin keçirilməsini qeyri-qanuni adlandırıb.

İRNA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bazar ertəsi günü qondarma "Dağlıq Qarabağ Respublikası" "parlamenti"nin bu bölgədə "prezident seçkisi" keçirməsinə reaksiyada bu hərəkəti Azərbaycanın konstitusiyası və qanunları, eləcə də beynəlxalq hüquq normalarına zidd adlandırıb. 

Hikmət Hacıyev Dağlıq Qarabağı Azərbaycanın ərazisi adlandırıb və deyib: Bu separatçı rejim Ermənistanın əlaltısıdır. 

Azərbaycan XİN sözçüsü "DQR"-da "prezident seçkisi"nin keçirilməsini Ermənistanın yeni siyasi təxribatçılığı adlandırıb və deyib: Belə hərəkətlər ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin müzakirələr yolu ilə həll edilməsi üzrə səylərinin nəticəsiz qalması ilə nəticələnir. 

"DQR"da "prezident seçki"ləri 19 iyulda keçiriləcək. 

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ üzərində münaqişə 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi qarşıdurmaya çevrilib. 

Erməni və azərbaycanlı silahlı qüvvələri arasında qarşıdurma nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon Ermənistan qüvvələrinin nəzarətinə keçib. 

1994-cü ildən iki tərəf arasında atəşkəs rejimi bərqərar olunub. Lakin Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi indiyə qədər münaqişənin həllinə heç bir töhfə verməmişdir. 

Jul 17, 2017 17:23 Asia/Baku
Şərhlər