Aug 04, 2017 11:44 Asia/Baku
  • Cəzaçəkmə müəssisəsində Nardaran məhbuslarından 2 min pul tələb olunur
    Cəzaçəkmə müəssisəsində Nardaran məhbuslarından 2 min pul tələb olunur

Bugünlərdə müxtəlif cəzaçəkmə müəssisələrinə köçürülən Nardaran məhbuslarından 2000 manat pul tələb olunur. Onlara bildirilib ki, tələb olunan məbləği çatdırmasalar, Qobustandakı qapalı həbsxanaya göndəriləcəklər. Bu şantaj konkret olaraq, bir neçə gün əvvəl 7 saylı cəzaçəkmə müəssisəsinə gətirilmiş Nardaran məhbuslarına qarşı baş verib. Pulun çatdırılması üçün avqustun 10-na qədər vaxt verilib.

Azadliq.info məlumat verir ki, Nardaran məhbusları cəzaçəkmə müəssisələrinə köçürülən kimi işgəncəyə məruz qalıb, ardınca da birbaşa cərimə kamerasına (“kars”) aparılıb. Hətta bədənində iki güllə gəzdirən və əl ağaclarının köməyi ilə hərəkət edən Şamil Abduləliyevi də 15 saylı cəzaçəkmə müəssisəsində döyüblər. Həmçinin bəllidir ki, 7 saylı cəzaçəkmə müəssisəsində Əlibala Vəliyev və Aqil İsmayılova qarşı da fiziki güc tətbiq olunub.

Qeyd edək ki, Nardaran məhbuslarından Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, Abbas Hüseynov və Cabbar Cabbarov onlara verilən cəzanın 7 ilini Qobustandakı qapalı həbsxanada çəkməlidir. Onlar həbsxanaya köçürülən kimi orada “kars”a salınıb.

Nardaran məhbuslarına qarşı “yuxarıdan” gələn sifariş əsasında bu cür davranıldığı bildirilir.

Xatırladaq ki, adları çəkilən şəxslər də daxil olmaqla, 18 nəfər 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş qanlı polis əməliyyatı nəticəsində həbs olunub. Onlardan yalnız Fuad Qəhrəmanlı “facebook” statuslarında Nardaran hadisələrilə bağlı gerçəkləri açıqladığına, Taleh Bağırzadə də daxil, həbs olunan şəxslərdə silah olmaması, onların heç bir cinayət törətməməsi haqda yazdığı fikirlərə görə məsuliyyətə cəlb olunub. Sonradan onun işi də Taleh Bağırzadə və digərləri haqqında cinayət işinə birləşdirilib və onlar birlikdə mühakimə olunub.

Nardaran məhbuslarından Taleh Bağırzadə və Abbas Hüseynov 20, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Fuad Qəhrəmanlı və Ramin Yarıyev 10, qalanları da 14 il 6 ay azadlıqdan məhrum edilib.

İyulun 20-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

 

 

Teqlər

Şərhlər