• Azərbaycanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb:  İlham Əliyev 86 faiz səs toplayıb

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin başa çatması ilə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərinin ilkin yekun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında səslərin 86%-ni qazanan İlham Əliyevin böyük üstünlüklə liderlik etdiyini bildirib.

İRNA-nın məlumatına görə, Məzahir Pənahov 5641 seçki məntəqəsində prezident seçkiləri ilə əlaqədar səsvermə keçirildiyini bildirib. O deyib ki, seçki məntəqələrinin 92 faizindən çoxundan – 5201-dən səsvermənin nəticələrinə dair məlumatlar Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə daxil olub. Həmin məlumatlar araşdırılarkən 3 milyon 712 min 120 səs etibarlı sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04  faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

Azərbaycan qanunlarına əsasən prezident seçkilərindən bir gün sonra seçkilərin nəticəsi Mərkəsi Seçki Komissiyası tərəfindən Ali Məhkəməyə təqdim edilməlidir. Ali Məhkəmə də 10 gün ərzində seçkilərin yekun nəticəsini  və seçkilərin qalibini elan etməlidir. 

Azərbaycan prezidenti İlham Əliyev seçkilərin ilkin yekun nəticəsinin elan olunmasının ardınca bir müraciətdə Azərbaycan xalqına təşəkkür edib və deyib: Azərbaycan xalqı sabitlik, təhlükəsizlik və inkişafa səs verib. Və biz Azərbaycanı daha güclü edəcəyik. 

İlham Əliyev 2003-cü ildən Azərbaycan prezidentidir. 

Apr 12, 2018 08:55 Asia/Baku
Şərhlər