• Bakıda Mərkəzi və Qərbi Asiya Ölkələrinin Çəltik Mərkəzinin iclası keçirilib
    Bakıda Mərkəzi və Qərbi Asiya Ölkələrinin Çəltik Mərkəzinin iclası keçirilib

Bakıda Mərkəzi və Qərbi Asiya ölkələri üzrə Çəltik Mərkəzinin (CWARice) Texniki İdarəetmə Komitəsinin (TİK) 6-cı iclası keçirilib.

Çəltik Mərkəzi və Qərbi Asiya regionunda əsas ərzaq bitkisidir. Bu fikirləri KİV nümayəndələrinə müsahibəsində Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin rəhbəri Abbas Şahdi bildirib.

Bakıda Çəltikçilik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclasının keçirilməsinin üzv ölkələr üçün mühüm əhəmiyyət daşıdığını söyləyən A.Şahdi qeyd edib ki, regionda bu sahənin inkişafı ilə bağlı 2020-2035-ci illər üçün əsas hədəflərindən biri region ölkələri arasında bu sahədə elmi-texniki əməkdaşlığın gücləndirilməsidir.

İclasda çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov da kənd təsərrüfatı sahəsinin əsas məhsullarından olan çəltiyin ərzaq təhlükəsizliyindəki roluna işarə edərək, deyib: bu sahədə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir.

Texniki idarəetmə komitəsinin üzvləri gündəlikdəki digər məsələlərin müzakirəsi ilə iclasın işini davam etdiriblər. Mərkəzi və Qərbi Asiya bölgəsində çəltik sektorunun potensialını artırmaq, mövcud imkanları inkişaf etdirmək, bu sahədə təşəbbüsləri dəstəkləmək məqsədilə CWARice və Beynəlxalq Çəltik Tədqiqat İnstitutu (İRRİ) ilə birgə hazırlanmış 5-illik fəaliyyət proqramı gündəlikdəki əsas müzakirə mövzusuna çevrilib.

Texniki İdarəetmə Komitəsinin (TİK) 6-cı iclasının oktyabrın 9-10-da Lənkəran rayonunda davam etdirilməsi nəzərdə tutulub. Toplantı iştirakçıları Lənkəran rayonunda yeni yaradılmış çəltik emal müəssisəsi, həmçinin çəltikçiliyin inkişafı üçün yaradılmış infrastrukturla tanış olacaqlar. İclasın sonunda növbəti müddət üçün TİK-in sədri seçiləcək və növbəti iclasının yeri və vaxtı müəyyən olunacaq.

Qeyd edək ki, toplantıda TİK-in Türkiyədən, İrandan, Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan, Əfqanıstandan və İraqdan olan üzvləri, Kənd Təsərrüfatı tədqiqatı, təhsil və yayım təşkilatının (AREEO) baş direktoru, İran parlamentinin Məşvərət Şurasının Təhsil və Tədqiqat Komitəsinin vitse-prezidenti (parlamentin üzvü), Gilan vilayətinin planlaşdırma və büdcə təşkilatının rəhbəri, İran Astarasının qubernatoru, CWARice-ın əməkdaşları, İran İslam Respublikasında çəltikçilik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçiləri iştirak ediblər.

Oct 08, 2018 21:48 Asia/Baku
Şərhlər