Feb 07, 2019 19:09 Asia/Baku
  • Məhbus ailələri geniş dinləmələr keçirdilər

Bakı mediyalarının verdiyi məlumata görə bu gün “Müsavat” partiyasının qərərgahında Siyasi Məhbusların Müdafiə Mərkəzi və Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə son günlər həbs yerlərində həyata keçirildiyi qeyd olunan işgəncə hətrəkətləriylə bağlı ictimai dinləmə keçirilib.

Tədbirdə hüquq müdafiəçiləri, məhbus ailələri, partiya funksionerləri, jurnalistlər, ziyalılar iştirak edib. 

Tədbiri giriş sözü ilə siyasi məhbusların problemlərini mütəmadi gündəmdə saxlayan Oqtay Güləliyev açdı. Hüquq müdafiəçisi həbsxanalardan gələn işgəncə xəbərləri haqda bütün beynəlxalq təşkilatların məlumatlandırdığını xatırlatdı: “Bütün yerli və beynəlxalq hüquq normaları işgəncə faktorunu qətiyyətlə rədd edir. Məhbus həyatı yaşayan şəxslərə işgəncə verilməsi misilsiz qanunsuzluqdur. Cəmiyyət məhbuslara verilən işgəncə xəbərlərini diqqətdə saxlamalı, bütün hüquqi vasitələrdən istifadə edilərək bu qorxulu nümunəyə son qoyulmalıdır”.

Daha sonra söz Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədliyə verildi. 

Rövşən Əhmədli “həbsxanada baş verən qanunsuzluqların hansı yollarla dayandırılmalıyıq?” sualı ətrafında düşünməyin vacibliyini vurğuladı: “Dindar yaxud qeyri dindar- siyasətçi, jurnalist - fərq etməz hər-hansı qanunsuzluq varsa Azərbaycan cəmiyyəti hamılıqla mübarizə aparmalı, etiraz etməlidir. İnsanlar fəal olduqca, problemin üzərinə getdikcə müəyyən uğurlara nail olmaq olur. Əgər bu gün Qobustan həbsxanasının rəisi Aftandil Ağayev etdiyi cinayətlərə görə cəzasız qalacaqsa istisna deyil ki, bu hallar davamlı olacaq. Penitensiar Xidmət qanunsuzluqda adı keçən bu şəxsin əməllərini qiymətləndirməli və onu dayandırmalıdır”. 

Tədbir siyasi məhbus ailələrin çıxışları ilə davam etdi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur, Hacı Taleh Bağırzadənin həyat yoldaşı Leyla Bağırzadə və digər məhbusların ailə üzvləri yaxınlarının həbsxanada qarşılaşdığı münasibətdən dolayı narahat olduqlarını, qanunsuz əməllərin tezliklə dayandırmasının vacibliyini vurğuladılar.

 

 

Şərhlər