May 18, 2019 07:39 Asia/Baku
  • Məmmədyarov fransalı həmkarı ilə görüşüb
    Məmmədyarov fransalı həmkarı ilə görüşüb

Fransaya işgüzar səfəri çərçivəsindəAzərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarov mayın 17-də fransalı həmkarı Jean-Yves Le Drian ilə görüşüb.

Bu barədə Azərbaycan xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.

Görüş zamanı nazirlər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Nazir Elmar Məmmədyarov fransalı həmkarı ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb. Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib”, XİN-in məlumatında qeyd edilir.

Daha sonra, tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ilə bağlı müzakirələr aparıblar.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dünən, mayın 16-da Fransaya gedib.O, bundan əvvəl Fransa prezidentinin diplomotik məsələlər üzrə müşaviri ilə görüşmüşdü.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

 

Bu münaqişə ilə bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu aparır. Fransa, ABŞ və Rusiya qrupun həmsədrləridir. Qurum münaqişənin həllini Bakı və İrəvanən iradəsindən asılı hesab edir və Ermənistanı güzəştə vadar etməyə heç bir təşəbbüs göstərmir. Azərbaycan ictimaiyyəti Minsk qrupunu ermənipərəstlikdə suçlasada, rəsmi Bakı bu çərçivədən müzakirələri davam etdirməkdə israrlıdır.

 

Şərhlər