Yan 21, 2017 15:41 Asia/Baku
  • İran yığması Bakıda 3 qızıl, 7 gümüş və 5 bürünc medal qazandı

Azərbaycan Respublikasında keçirilən beynəlxalq karate çempionatının ilk günündə İran karateçiləri uğurlu çıxış edərək, 3 qızıl, 7 gümüş və 5 bürünc medala layiq görülüblər.

İRİB-in Bakıdan verdiyi məlumata görə, ötən gün müxtəlif ölkələrdən 650 idmançının iştirakı ilə start götürən bu çempionatda İrandan 70 qadın və kişi karateçi iştirak edir.

Çempionatın ilk günündə Fatimə Mirverdizadə, Mobina Cəmali və Məhyar Ağacani qızıl medal qazanıb və digər iranlı idmançılar da yeddi gümüş və beş bürünc medala layiq görülüblər.

Bu çempionat kata və kumite bölməsində yeniyetmələr və gənclər üzrə Bakıda keçirilir. Çempionata İranın 12 hakimi də qatılmışdır. 

İran İslam Respublikasının ezam etdiyi komandanın rəhbəri Vəli Hüseyni keyfiyyət baxımından çempionatın yüksək səviyyədə olduğunu bildirib və əlavə edib: Bu yarışlar iranlı debüt edən idmançılar üçün gələcəkdə beynəlxalq səviyyədə çox faydalıdır.