Avq 16, 2017 17:36 Asia/Baku
  • Həyat yoldaşı göndərilən sovqatların AİP lideri Mövsüm Səmədova çatdırılmadığını deyir

İyulun 21-dən Qobustan Qapalı Həbsxanasına aparılan Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov avqustun 15-də ailəsi ilə telefon əlaqəsi saxlayıb.

FaktXəbər-in məlumatına görə, bu barədə AİP liderinin həyat yoldaşı Mehparə Səmədova "Vətənuğrunda" saytına məlumat verib. Mehparə Səmədova deyib ki, evdən göndərilən heç bir sovqat Mövsüm Səmədova çatdırılmır: 

“Bu gün Mövsüm zəng etmişdi. Dedi ki, poçt vasitəsilə göndərdiyimiz "pasılka" ona verilməyib. Türmə rəisi ona deyib ki, evə desin, poçtla sovqat yollamasınlar. Gətirib Qobustan Həbsxanasının qarşısından versinlər. Halbuki, biz bu ayın 10-u cümə günü vəkili deyəndən sonra həbsxanaya sovqat aparmışdıq. Amma heç şlaqbaumdan da keçməyə və kolona tərəf getməyə qoymadılar. Dedilər olmaz, rejim dəyişilib. Məcbur olub səhərisi, ayın 11-i bişmiş yeməkləri ayırdıq və yalnız quru yeməklərdən ibarət bir çanta poçt vasitəsilə yolladıq ki, bəlkə bunu qaytarmazlar. Bu gün ayın 15-i Hacı Mövsüm zəng edib dedi ki, ona heç nə verməyiblər. Rəis deyib ki, nəsə vermək istəyəndə gətirib həbsxanaya versinlər birbaşa, poçtla yollamasınlar. Belə çıxır ki, Qobustan həbsxanasının rəisi Aftandil Ağayev bizi ələ salır! Aparırıq almır, poçtla yollayırıq vermir Hacı Mövsümə. Özü isə bir tərəfdən vəkilə deyir "bir bağlama sovqat göndərməyə icazə verilir" və digər tərəfdən gətirən zaman götürmür. Soruşdum nə yeyirsiniz? Dedi, yanında bir az pulu olub, onunla az da olsa, bir şeylər ala bilib. Görüşə də icazə verilməyəcək hələ dedi. 6 ay sonra bəlkə icazə verildi”.