Noy 21, 2017 17:01 Asia/Baku
  • Bakıda Xəzərin su bioloji resurslarının mühafizə olunması üzrə Komissiyanın iclası başlayıb
    Bakıda Xəzərin su bioloji resurslarının mühafizə olunması üzrə Komissiyanın iclası başlayıb

Bakıda Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası sessiyası başlayıb.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycanın nümayəndə heyəti ilə yanaşı Xəzəryanı ölkələrin o cümlədən Rusiya, İran, Qazaxıstan və Türkmənistanın balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edirlər.

Rusiya Federasiyasının Həştərxan şəhərində 2014-cü il sentyabrda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə Görüşündə yeni yaradılacaq Hökumətlərarası Komissiyanın Sazişinə dair tam razılıq əldə olunub. Ötən il isə Komissiyaya hökumətlərarası status verilib. Yeni Komissiyanın əsas məqsədi Xəzər dənizinin bioloji resurslarının qorunması və səmərəli istifadəsinə dair tənzimləyici hökumətlərarası tədbirlərin həyata keçirilməsidir.

Sessiyanın gündəliyində yeni Komissiyanın təsisi ilə bağlı Prosedur Qaydaların qəbul edilməsi, Xəzəryanı ölkələr tərəfindən brakonyerliklə birgə mübarizə üzrə əməkdaşlıq protokolunun imzalanması, nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında Sazişinhazırlanması və s. məsələlərin müzakirəyə qoyulması nəzərdə tutulub.

Sessiyada iştirak edən İran heyətinə İran İslam Respublikasının Beynəlxalq Məsələlər və İxtisaslı Balıqçılıq Təşkilatları Qrupunun sədri Mürtəza Mehranpur başçılıq edir. 

Sessiya noyabrın 23-dək davam edəcək.