May 24, 2018 14:01 Asia/Baku
  • Bakıda İlahiyyat İnstitutuna yer ayrılıb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Bakıda 20 Yanvar metrosu yaxınlığında İlahiyyat İnstitutu üçün binanın ayrıldığını bildirib.

"Azərbaycan İlahiyyat İnstitutuna 20 Yanvar metrosu yaxınlığında bina ayrılıb". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

APA-nın məlumatına görə, M. Qurbanlı deyib ki, institut üçün gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək.

Mübariz Qurbanlı əlavə edib: Bu il dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə İlahiyyat İnstitutuna qəbul elan edilib, 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir.

Komitə sədri bildirib: "Onu da deyim ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı da ixtisaslar yaradılacaq".

Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutuna yaxın vaxtlarda rektor təyin ediləcək.