İyun 20, 2018 19:43 Asia/Baku
  • “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılışı olub
    “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılışı olub

Bu gün 17 müsəlman ölkənin siyasi mədəni rəsmiləri və mədəniyyət nazirlərinin iştirakı ilə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılışı olub.

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulluğunun bildirdiyinə görə, bu mərasimdə İranı İslami mədəniyyət və irşad nazirinin müavini seyid Hadi Hüseyni, İİR NMR-dəki baş konsulu Mənsur Ayrem və Şərqi Azərbaycan vilayətinin mədəniyyət və irşad baş idarəsinin müdiri Məhəmmədpur təmsil ediblər. 

Mərasim Naxçıvanın islami mədəniyyətini özündə əks etdirən tarixi bir video ilə başlanıb və sonra ilk olaraq NMR ali məclisinin sədri Vasif Talıbov çıxış edib. Ardınca Azərbaycan Respublikasının mədəniyyət naziri Əbulfəzl Qarayev və daha sonra İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış ediblər. Çıxış edənlər Naxçıvanın uzun keçmişi, onun islami sivilizasiyaya verdiyi töhfələrdən danışıblar. 

Mərasim Naxçıvan Dövlət Filarmoniyasının konserti ilə yekunlaşıb. Konsertdən sonra iştirakçılar sərgiyə baxış keçiriblər. 

Mərasimdən öncə də xarici qonaqlar NMR ali məclisinin sədri Vasif Talıbovla görüşüblər və onun muxtar respublikanın tarixi, mədəniyyəti və memarlıq abidələri barədə şərhləri ilə tanış olublar. 

Mərasimin kənarında iranlı rəsmilər NMR ali məclisinin sədri ilə müştərək mədəni əməkdaşlıqları, münasibətlərin daha da genişləndirilməsi yollarını müzakirə ediblər. 

İranın mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət naziri ilə görüşündə yaxın günlərdə İİR-nın mədəniyyət həftəsinin Bakıda keçiriləcəyini xatırladaraq bu kimi tədbirlərin qarşılıqlı olmasının vacibliyini vurğulayıb. Azərbaycanlı nazir də İranla elmi, mədəni və sənət əməkdaşlıqlarının genişləndirilməsini rəğbətlə qarşıladığını bildirib. 

İİR-in Naxçıvandakı baş konsulu Mənsur Ayrəm də ISESCO-nun baş direktoru ilə görüşündə bu tədbirlərin ötən il İranın Məşhəd şəhərində keçirilməsi və bu il də Təbrizin islam dünyasının mədəniyyət paytaxtı seçilməsinə toxunaraq bu kimi tədbirlərin müsəlman ölkələri arasında vəhdətin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvarlığını ifadə edib. 

 Görüşdə ISESCO-nun baş direktoru Əbdül-Əziz Osman Əttəviceri də Məşhəd şəhərindəki tədbirlərdən razılığını bildirib və bu kimi tədbirlərin müəslman ölkələrinin biri biri ilə daha da yaxından tanış olmaları və onların arasında həmrəyliyin formalaşmasına gətirib çıxartdığını bildirib. 

 NMR-nın tarixi abidələrinə və muzeylərinə baxış, müxtəlif mədəniyyət tədbirlərində iştirak xarici qonaqlar üçün nəzərdə tutulan digər proqramlardan ibarət olub. 

Naxçıvan şəhəri 2009-cu ildə İƏT-nın Bakıda keçirilən 6-cı konfransında 2018-ci il üçün islam dünyasının mədəniyyət paytaxtı seçilmişdi. İranın Təbriz şəhəri də həmin konfransda cari milad ili üçün islam dünyasının turizm paytaxtı təyin olunmuşdu. 

Ötən milad ili üçün isə İranın Məşhəd şəhəri İslam dünyasının mədəniyyət paytaxtı idi.

Teqlər