İyul 02, 2018 12:08 Asia/Baku
  • `Şahdəniz-2` qazının Türkiyəyə nəqlinə başlanıb
    `Şahdəniz-2` qazının Türkiyəyə nəqlinə başlanıb

“Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə kommersiya məqsədli qaz nəqlinin başlandığını elan edib.

FaktXəbər bildirir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "BP-Azerbaijan"ın birgə məlumatına görə, “Şahdəniz-2” layihəsi qrafik və büdcəyə uyğun təhlükəsiz şəraitdə həyata keçirilir və Türkiyəyə qazın nəqli planlaşdırıldığı kimi 2018-ci il iyunun 30-da başlayıb.

“Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində mövcud hasilata ildə 16 mlrd. kubmetr qaz əlavə olunacaq. Layihənin birinci mərhələsi ilə birlikdə “Şahdəniz”in ümumi hasilatı 26 mlrd. kubmetr qaz və 120 min barel kondensat həcminə çatdırılacaq.

Azərbaycandakı “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri dəniz infrasrukturudur. Layihə “Şandəniz” qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin genişləndərilməsini də əhatə edir. 28 mlrd.ABŞ dolları həcmində sərmayə qoyulmuş layihənin ofşor strukturlarına 26 dəniz quyusu, 500 km sualtı boru kəməri və körpü ilə birləşdirilmiş iki platforma daxildir. Qaz quru ilə 85 km-lik boru kəməri vasitəsilə Bakı yaxınlığındakı Səngəçal terminalına ötürülür. Terminalın imkanları yeni qaz həcmlərinin yerləşdirilməsi üçün genişləndirilib. Bununla bağlı Azərbaycanda 428 km, Gürcüstanda isə 59 km uzunluğunda yeni borular, habelə Gürcüstanda iki yeni kompressor stansiyası inşa edilib.

Teqlər