Fev 13, 2019 08:52 Asia/Baku
  • Azərbaycan balans axtarmır
    Azərbaycan balans axtarmır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasına müsahibəsində ilk olaraq bildirib ki, ölkəsi xarici siyasətdə balans ardınca deyil, milli maraqlarını qoruyur.

Azərbaycan Respublikasının Prezidenti deyib: “Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq.”

İlham Əliyev müsahibəsində müxtəlif formatlarda qonşu ölkələrə də xüsusi önəm verdiyini bildirib: “Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq. Qonşularla yaxşı münasibətlər olmadan biz enerji, nəqliyyat layihələrimizi icra edə bilərdikmi? Əlbəttə ki, yox. Mən qeyd etdim ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Biz qonşularsız buna nail ola bilərdikmi? Əlbəttə ki, yox. Nəinki yaxın qonşularımızla, biz daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq formatı yaradırıq. Məhz bu əməkdaşlıq formatı imkan verir ki, biz öz nəhəng, transmilli layihələrimizi uğurla və vaxtında icra edək. Ona görə bu, bizim üçün strateji əhəmiyyət daşıyan bir yanaşmadır. Mən şadam ki, bu gün qonşularımızla bizim əlaqələrimiz dostluq, mehriban qonşuluq, əməkdaşlıq üzərində qurulub və bu əməkdaşlığın çox böyük gələcəyi var. ”

Azərbaycan Respublikasının Prezidenti azərbaycana ən çox dəstəyi elə müsəlman ölkələrdən aldığını deyir: “Eyni zamanda, Azərbaycan müsəlman aləminin bir parçasıdır. Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən müsəlman ölkələridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir. Bilirsiniz, müsəlman aləmində bəzi ölkələr bir-biri ilə hələ ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr qura bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyyətlərin azaldılmasında öz rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanın rolunu çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk. Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, sadəcə, bir idman yarışı deyildi. Bu, bütün müsəlman ölkələrinin gənclərini, idmançılarını bir araya gətirən dostluq, həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi əlbəttə ki, müsəlman aləmində bizim rolumuzu daha da gücləndirdi. Ona görə xarici siyasətimizin önəmli istiqaməti müsəlman ölkələri ilə əməkdaşlıqla bağlıdır. Biz Qoşulmama Hərəkatının üzvüyük. Bir neçə il bundan əvvəl üzv olmuşuq. Amma dərhal Qoşulmama Hərəkatı, - BMT-dən sonra ikinci böyük təşkilatdır, - münaqişə ilə bağlı çox ədalətli qətnamə qəbul etmişdir. Biz Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Yəni, bizim beynəlxalq nüfuzumuz artır. Biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də çox çətin bir mübarizədə. On altı turdan sonra biz buna nail ola bilmişik. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, bizə inam, rəğbət var, bizim müstəqil siyasətimizə dəstək var. Bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik.”

 

Teqlər