Noy 30, 2019 20:54 Asia/Baku
  • Türkiyədə TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı olub
    Türkiyədə TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı olub

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş Naziri Georgi Qaxariya və digər rəsmi şəxslər iştirakı ediblər. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışdı, onun ölkələri birləşdirdiyini vurğuladı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan TAP xəttinə birləşməsinin tarixi əhəmiyyətindən danışıb: “TANAP Cənub Qaz dəhlizinin bir parçasıdır. Cənub Qaz dəhlizi çox böyük infrastruktur layihəsidir. Dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - “Şahdəniz”, Cənubi Qafqaz boru xətti və bu gün TANAP tam istifadəyə verilir. Dördüncü layihə - TAP-ın icrası artıq 90 faizi keçib”. Ərdogan deyib: “Avropa ilə Asiyanı TANAP layihəsi vasitəsilə bir-birinə bağlayırıq. Türkiyə, Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində 7 il yarımlıq uzun və məşəqqətli bir prosesi uğurla başa çatdırırıq”. Türkiyənin 20 vilayət, 67 rayon və 600 kəndindən keçən bu xətt artıq Avropanın sərhədinə çatıb. TANAP-la Azərbaycanın 16 milyard kub metr qazı Türkiyəyə çatdırılıb, bunun 6 milyard kub metrindən Türkiyə, 10 milyard kub metrindən isə Avropa yararlanacaq. Türkiyə prezidenti deyib ki,qarşıdakı illərdə TANAP-ın nəql tutumunu 24 milyard kubmetrə, sonra isə 31 milyard kubmetrə çatdırılacaq. TANAP xəttinin Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya nəqli üçün TAP (Trans Adriatik Boru Xəttində) xəttinə bağlanacağını deyən Ərdoğan 2020-ci ilə də TAP layihəsinin başa çatacağını bildirib. O, Yunanıstan, Albaniya, Bolqarıstan, Makedoniya, Bosniya-Herseqovina kimi ölkələrin də bu layihədən yararlanacağını deyib.