Yan 18, 2020 09:07 Asia/Baku
  • Azərbaycan BMT baş katibinə məktub ünvanlayıb
    Azərbaycan BMT baş katibinə məktub ünvanlayıb

Azərbaycan Respublikası Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin rəhbərinin azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.

Sənəddə, 11 iyul 2014-cü il tarixində azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi və digər azərbaycanlı mülki şəxs Həsən Həsənovun qətlə yetirilməsi faktı öz əksini tapıb.

Erməni tərəfinin uydurulmuş iddialar əsasında qanunsuz olaraq D.Əsgərovu “ömürlük”, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdiyi sənəddə xüsusilə vurğulanır. Eyni zamanda, Həsən Həsənovun nəşinin demək olar ki 3 aydan sonra, 2014-cü ilin 2 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçilyi ilə qaytarıldığı qeyd olunur.

2019-cu ilin 5-6 dekabr tarixlərində Bratislavada ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışı zamanı xüsusilə D.Əsgərov və Ş.Quliyevin məsələsinə toxunduğu, Ermənistan tərəfinin isə “hamının hamıya” prinsipi əsasında onların azad olunmasının əleyhinə olduğu sənəddə vurğulanır.

Hal-hazırda D.Əsgərov və Ş.Quliyevin həbsxanada tam izolyasiyada saxlanıldığı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən səfərlər istisna olmaqla heç bir əlaqələrinin olmadığı sənəddə xüsusilə vurğulanır.