Yan 18, 2020 10:04 Asia/Baku
  • Seçkilərdə pulsuz efir
    Seçkilərdə pulsuz efir

Yanvarın 17-də Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlərin təşviqatı başlayıb.

Seçkiqabağı təşviqat fevralın 8-i saat 08:00-dək davam etməlidir.

Seçki qanunvericiliyinə görə, yalnız 60 dairədə namizədi qeydə alınan seçki bloku və ya siyasi partiya pulsuz efir əldə edə bilər.

Müsavat Partiyası Seçki Qərargahının sədri Gülağa Aslanlıya görə, qanunvericiliyə edilən dəyişikliklərlə son seçkilərdə təbliğat müddətinin 60 gündən 21 günə qədər azaldılması özü namizədlərlə seçicilər arasında ünsiyyətin alınmamasına yönəlib.

ReAL Partiyasının sədri İlqar Məmmədovun isə bildirməsinə görə, ReAL sədri alternativ imkanlardan danışıb: «Belə ki, internet, sosial şəbəkələr, mobil əlaqələr sistemi bu məhdudiyyətin yerini doldurmağa imkan verir».

Yeni Azərbaycan Partiyası (YAP) isə növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir. Saytın məlumatına görə, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Bundan əvvəl keçirilən (2015-ci il noyabr) parlament seçkilərində də eyni hal yaşanmış və YAP pulsuz efirdən imtina etmişdi. Onda da həmin partiya bunu bütün siyasi qüvvələrə bərabər imkanların yaradılması istəyi ilə izah etmişdi.

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.