Fev 13, 2020 19:47 Asia/Baku
  • Azərbaycanda daha 4 seçki dairəsinin seçki nəticələri ləğv olunub 

Azərbaycanda daha 4 seçki dairəsinin seçki nəticələri ləğv olunub 

Bu barədə  Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul olunub qərara əsasən 
80 saylı İmişli-Beyləqan Seçki dairəsində, 74 saylı Lənkəran Kənd Seçki Dairəsində və  35 saylı Xətai Üçüncü Seçki Dairəsində həmçinin 33 saylı Xətai Birinci Seçki Dairəsində  nəticələr ləğv olunub
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Hikmət Şirinov, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb.
 bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.
A. Muxtarova bildirib ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilib, barmaqlar rənglənməyib, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb: “Araşdırma zamanı məlum olub ki, 49 protokolun 29-da səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın”.
 Qeyd edək ki, bu dairə üzrə Çingiz Qənizadə lider namizəd olaraq açıqlanmışdı.
Mərkəzi Seçki Komissiyasında  həmçinin    74 saylı Lənkəran Kənd Seçki dairəsindən namizəd olan Əzizxan Əzizov və Rəvan Bəşirovun şikayətinə baxılıb.  MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma nəticəsində seçki komissiyaları tərəfindən qanun pozuntularına yol verilməsi müəyyən edilib: “Bu və ya digər şəkildə seçkinin nəticələrinə müdaxilə edilməsi ilə bağlı iddialar özünü doğruldub. Seçki protokollarının səsvermə otağı xaricinə çıxarılması halları müşahidə edilib. Bəzi seçki məntəqələrində yekun protokollarda seçicilərin iradəsinin təmin edilməməsi məlum olub. Bəzi namizədlərə aid səslərə düzəliş edilməsi halları da müəyyən edilib. Nəticələri ləğv edilməli olan seçki məntəqələrinin sayı 27-dir”. Məsələ müzakirəyə çıxarılıb və 74 saylı Lənkəran Kənd Seçki Dairəsində nəticələrin ləğvinə qərar verilib.
Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hadi Rəcəbli lider namizəd elan olunmuşdu.
 Həmçinin   MSK üzvü Ramiz İbrahimov  bildirib ki,  Ekspert Qrupu tərəfindən aparılan araşdırmadan sonra məlum olub ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin bütün seçki məntəqələrində qanunvericiliyin tələbləri pozulub: “Həmin pozuntular səsvermənin keçirilməsi və səsvermənin nəticələrini müəyyən edərkən seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Burada seçicilərin iradəsini yenidən müəyyən etmək mümkün deyilsə, səslərin yenidən sayılması üçün əsas yoxdur”.
Məsələ müzakirəyə çıxarılıb və 35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub.
Qeyd edək ki, bu dairədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu lider namizəd elan olunmuşdu.
Həmçinin 33 saylı Xətai Birinci Seçki Dairəsində də  seçkilərin nəticələri ləğv olunub
Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hüseynbala Mərələmov lider namizəd elan olunmuşdu.
 Həmçinin Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar daha 4 Seçki Dairəsi üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.
Qərara əsasən, 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) və həmçinin   91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olan Əbil Məmmədovun və 81 saylı Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov və digər şəxslərin müraciətinə baxılıb  Və  Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.