May 17, 2020 09:43 Asia/Baku
  •  Qədr gecəsi mərasimləri video formatda təşkil edildi

Azərbaycan respublikasında Qədr gecəsi mərasimləri korona virus şəratində ilk dəfə video formatda təşkil edildi.

SəhərAzəri  "Report"-a istinadən bildiri, bu il ilk dəfə olaraq koronavirus pandemiyası səbəbindən Azərbaycan Respublikasında müsəlmanlar Qədr gecəsinin əməllərini məsciddə yox evlərində icra ediblər. 

Mövcud vəziyyət nəzərə alınaraq hər bir məsciddə video formatda mərasimlər təşkil olunub. 

Belə ki, axundlar tərəfindən vətəndaşlara Ramazan ayının hikmətindən, eyni zamanda qədr gecələrinin əhəmiyyətindən bəhs edən xütbələr və maarifləndirici moizələr oxunub. Mərasimlər canlı olaraq hər bir məscidə məxsus rəsmi “Youtube”, “Facebook” və “Instagram” hesablarında yayımlanıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Onun sözlərinə görə, Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Sumqayıt şəhər Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Rauf Sərdarov da Qədr gecəsinin fəzilətlərindən danışıb. O qeyd edib ki, insanlar bu müqəddəs gecədə öz səhvlərini, xətalarını etiraf etməli, keçmişini təftiş edərək özünə hesabat verməli və bağışlanmasını diləməlidir. Qədr gecəsində səhərə qədər ibadətlə məşğul olub əfv diləyənlər heç şübhəsiz ki, bağışlanmış olacaqlar. 

Koronavirus pandemiyası ilə əlaqədar Ramazan bayramı namazları da fərdi qaydada evlərdə qılınacaq. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 nəfərdən artıq adamın bir yerə toplaşmamaq qadağası qüvvədə qaldığı üçün məscidlərdə bayram, cümə və camaat namazlarının bərpası mümkün deyil.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan bayramı Ayın üfüqi Azərbaycan Respublikası ərazisində görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. 

Teqlər