May 29, 2020 22:52 Asia/Baku
  •  350 Azərbaycan vətəndaşı ABŞ-da qaldı

ABŞ-da yaşayan və koronavirus səbəbindən öz ölkəsinə geri qayıda bilməyən Azərbaycan vətəndaşları, onlar üçün çarter reyslərinin təşkil olunmamasından şikayət edir.

SəhərAzəri xəbər verir,  Bununla bağlı Axar.az-a müraciət edən Azərbaycan vətəndaşları bildirib ki, 350-dən çox şəxs geri qayıtmaq üçün qeydiyyatdan keçsə də, Azərbaycan tərəfinin rəsmi qurumları onların müraciətini cavabsız qoyub. Azərbaycan vətəndaşları qeyd edirlər ki, mayın 29-na planlaşdırılan çarter reysi də naməlum səbəbdən təxirə salınıb və ABŞ-dakı səfirlikdən onlara bu reyslərin olmayacağı barədə məlumat verilib.

Məsələ ilə bağlı açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, çarter reysləri ilə bağlı müvafiq qərarı hökumət verir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə bildirib ki, ABŞ-da olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini hökumət nəzərdən keçirir:

“Məlum olduğu kimi, vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı hökumət tərəfindən tədbirlər həyata keçirilir. ABŞ-dakı vətəndaşların qaytarılması məsələsi də aidiyyəti üzrə nəzərdən keçirilir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində qurumun mətbuat katibi İbrahim Məmmədov ABŞ-dan çarter reyslərinin nəzərdə tutulduğunu, bu barədə səfirliyin həmin şəxslərə məlumat verəcəyini deyib.

Teqlər