Dek 01, 2020 17:09 Asia/Baku
  • Əliyev Dağlıq Qarabağ müqaviləsini pozmaq səyləri barədə xəbərdarlıq edib

Azərbaycan Prezidenti deyib: "Noyabrın 10-da imzalanmış Bəyanata müdaxilə cəhdləri var. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir".

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəsinin xalqına müraciətində deyib: "Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir".

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında Qarabağ bölgəsində baş verən son döyüşlər sentyabrın 27-də başlandı və tərəflərdən minlərlə nəfərin ölməsi və yaralanmasına bais oldu. Azərbaycan Respublikası və Ermənistan noyabrın onunda Rusiyanın vasitəçiliyi ilə Qarabağdakı savaşa son qoymaq üçün razılığa gəldilər.

Azərbaycan Prezidenti Laçın rayonunun bir güllə atmadan işğaldan azad olduqunu bildirərək deyib: "Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir".

Əliyev əlavə edib: "Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır".

Azərbaycan Prezidenti  deyib: "Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır".

Azərbaycan Prezidenti deyib ki, min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər: "Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin ermənilərdən xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz. Bir daha demək istəyirəm ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar".

 

Teqlər