Mart 14, 2018 20:22 Asia/Baku
  • Britaniya Rusiya diplomatlarını qovur; Rusiyanın Britaniyanın ultimatumuna cavabı

Britaniya baş naziir 23 rus diplomatının İngiltərədən çıxarılacağını elan edib.

Əl-Cəzirə televiziyasının məlumatına görə, Britaniya baş naziri Tereza Mey İcmalar Palatasında etdiyi çıxışında deyib: Britaniya 23 rus diplomatını ölkədən çıxaracaq.

Britaniya baş naziri əlavə edib: London sabiq rus zabiti Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın hərəkətinə reaksiya olaraq bu addımı atır.

Britaniya baş nazirinin sözlərinə görə, bu ölkənin krallıq ailəsinin üzvlərindən və ya nazirlərindən heç biri 2018-ci il futbol üzrə Dünya Çempionatı keçirilərkən Rusiyaya səfər etməyəcək.

Tereza Mey Londonun Moskva ilə ikitərəfli müqavilələri durdurduğunu deyib.

London həmçinin sabiq rus casusunun zəhərlənməsi məsələsinin araşdırılması üçün BMT Təhlükəsizlik Şurasının iclas keçirməsini istəyib.

APA-nın verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin Sergey Skripalın zəhərlənməsinin təhqiqatı ilə məşğul olmayacağını açıqlayıb: "Lakin Moskva təhqiqata kömək etməyə hazırdır. Bu işlə bağlı Rusiya ünvanına ittihamlar məntiqə ziddir", - deyə o vurğulayıb. 

D. Peskov Kremlin Böyük Britaniyanın Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın ünvanına səsləndirdiyi ittihamları qəbul etmədiyini söyləyib: "Rusiyanın mövqeyi məlumdur. Bu mövqe ondan ibarətdir ki, Moskvanın Sergey Skripalın zəhərlənməsi ilə heç bir əlaqəsi yoxdur. Moskva sözdə, sübutsuz ittihamları və ultimatum dilini qəbul etmir. Bu mövqeyimiz Londona çatdırılıb". 

"Moskvanın Sergey Skripalın zəhərlənməsi ilə bağlı hansı versiyası var?" sualına isə Kremlin sözçüsü belə cavab verib: "Bu, bizim işimiz deyil. Hansısa versiyanı səsləndirmək, xüsusən də Kreml tərəfindən...Ona görə ki, Kreml Rusiya ərazisində baş verməyən bu məsələnin təhqiqatı ilə məşğul olmur. Bununla belə, Rusiya Britaniyanın istintaq orqanlarına yardım etməyə hazırdır. Lakin təəssüflər olsun ki, britaniyalılar buna qarşılıq vermirlər".

Sergey Skripal 2006-cı ildə Britaniya üçün casusluq və ölkəsinə xəyanət ittihamı ilə müqəssir hesab olunub və 13 il azadlıqdan məhrum edilib.