Dek 06, 2018 11:00 Asia/Baku
  • Amerikalı senatorlar Məhəmməd Bin Salman əleyhinə qətnamə layihəsi hazırlayıblar

ABŞ Senatının 6 üzvü çərşənbə günü bir qətnamə layihəsi hazırlayaraq, Yəməndəki humanitar faciəyə və jurnalist Camal Qaşıqçının qətlinə görə Ərəbistan vəliəhdinin məsuliyyət daşıdığını elan ediblər.

İRNA-nın məlumatına görə, bu qətnamə layihəsinin ilkin mətni respublikaçı senatorlar Lindsi Qraham, Marko Rubio, Tad Yanq və demokrat senatorlar Dayan Feynşteyn, Ed Markey və Kris Kons tərəfindən hazırlanıb. Bu qətnamə layihəsi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı ilə qapalı iclasın ardınca hazırlanıb. Bu iclas Camal Qaşıqçının qətli haqda olub. 

Lindsi Qraham çərşənbə günü axşam verdiyi açıqlamada deyib: Bu qətnamə layihəsi heç bir şübhəyə yer qoymayaraq, tam aydın formada bildirir ki, Camal Qaşıqçının qətlinə görə Ərəbistan vəliəhdi məsuliyyət daşıyır. 

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Kroker də bu komitənin cümə axşamı Ərəbistana qarşı sanksiya layihəsinin hazırlanmasına dair səsvermə ilə bağlı iclas təşkil edəcəyindən xəbər verib. 

Bu qətnamə layihəsi ABŞ prezidenti Donald Tramp və onun hökumətinin Məhəmməd Bin Salmanın "Qaşıqçı" olayında heç bir rola malik olmamasına dair açıqlamalarının yalan olduğunu ortaya qoyur.