Feb 26, 2018 20:52 Asia/Baku
  • Nigeriyada oğurlanmış qızların naməlum taleyi
    Nigeriyada oğurlanmış qızların naməlum taleyi

Nigeriyanın informasiya nazirliyi dünən bildirib ki, Bokoharam terror qrupunun bu ölkənin şimal-şərqində yerləşən "Dapçi" məntəqəsindəki bir məktəbə qarşı hücumundan bir həftənin keçməsinə rəğmən, hələ oğurlanmış 111 qız məktəblinin taleyindən xəbər yoxdur.

Bokoharam terror qrupu bir daha Nigeriyada yeniyetmə qızları oğurlayıb. Nigeriya polisi bildiribdir ki, Bokoharam-ın Dapçi şəhərindəki məktəbə qarşı 19 fevral hücumunda bu məktəbin 111 qız məktəblisi itkin düşübdür. Nigeriya prezidenti Muhəmmədu Buhari bu hadisəni "milli faciə" adlandırıb.

BMT-nin uşaq fondu YUNİSEF(UNICEF) də bildiribdir ki, Nigeriyanın şimal-şərqindəki Borno əyalətində yerləşən Çibok şəhərində oğurlanmış qızların tragediyası hələ unudulmayıbdır. YUNİSEF Dapçi şəhərindəki ən yeni böhranı "yeni dəhşət" adlandırıb.

YUNİSEF-in bildirdiyinə görə, ekstremist fəaliyyətlərin 2009-cu ildə başlanmasından bəri 2295-dən çox müəllim öldürülüb və təqribən 1400 məktəb dağıdılıbdır. Bu ekstremistlər başlıca olaraq, şəxsləri oğurlayıb, bac almağa üz tutublar ki, öz əməliyyatlarını maliyyələşdirmiş olsunlar.

Bokoharam ikinci dəfədir ki, öz qurbanlarını qız məktəblərin arasından ovlayır. 2014-cü ilin aprelində də on səkkiz yaşından aşağı olan 270-dən çox qız Çibok şəhərində yerləşən bir məktəbdən oğurlandı və onların yüz nəfərdən çoxunun taleyi hələ də naməlumdur.

Bokoharam qız məktəblilərin oğurlanmasının məsuliyyətini qəbul edərək, bildirmişdi ki, bu qızları qul kimi satacaq və ya zorla kişilərin kəbininə salacaqdır.

Gənc qızlardan istifadə ilə keçirilən intihar partlayışları da Bokoharam terror qrupunun vəhşicəsinə taktikalarındandır.

Teqlər

Şərhlər