Jul 06, 2018 14:20 Asia/Baku
  • Çin və ABŞ ticarət savaşı, gözlənilən gün gəldi
    Çin və ABŞ ticarət savaşı, gözlənilən gün gəldi

ABŞ prezidenti Donald Tramp cümə günü Çindən idxal olunan və ümumi dəyəri 34 milyard dollar olan məhsullar üçün yeni gömrük rüsumu təyin etməklə praktiki olaraq Çin ilə ticarət savaşına start vermiş oldu. Bu isə heç şübhəsiz bütün dünya üçün təsirsiz ötüşməyəcək.

Çinin Xarici İşlər və Ticarət nazirlikləri ötən gün bəyanat yayaraq, ABŞ prezidenti və hökumətinə "odla oynamağın" bütün tərəflər üçün zərərli olacağı barədə xəbərdarlıq edərək, Pekinin qarşılıqlı addımlar atmağa hazır olduğunu bildiriblər.

Hazırda önəmli olan məsələ ABŞ-ın Çindən idxal edilən və ümumi dəyəri 34 milyard dollar olan təqribən 800 adda məhsul üçün 25% gömrük rüsumu təyin etməsi ilə Pekinin cavab addımları atması məsələsidir. Çünki, bu məsələ iki tərəf arasında "ticarət savaşı"nın daha da alovlanmasına və digər sahələri də təsir altına alması ilə daha iri miqyaslı bir ticarət savaşına çevriləcək.

Tramp həmçinin, Pekini təhdid edərək, bildirib ki, əgər Çin qarşılıqlı olaraq ABŞ məhsulları üçün gömrük rüsumlarını artırarsa, Vaşinqton Çindən idxal edilən və ümumi dəyəri 200 milyard dollar olan məhsullar üçün əlavə olaraq 10 % rüsum təyin edəcək. Bu isə iki tərəf arasındakı demək olar ki, bütün ticarət sahəsini təsir altına almış olacaq. Bununla da ticarət savaşı daha böyük miqyas alacaq.

Analitiklərin qənaətinə görə, ABŞ-ın bu hərəkəti beynəlxalq ticarətdə "meşə qanunları"nı tətbiq etməsidir. Elə buna görə də, Çində çıxan Qlobal Tayms qəzeti Trampın bu hərəkətlə beynəlxalq ticarət sistemini xaosa sürükləməkdə olduğunu bildirib.

ABŞ tərəfindən başladılan ticarət savaşının hədəf ölkələri isə Vaşinqtona xəbərdarlıq edərək, qarşılıqlı addımlar atacaqlarını bildiriblər. Beləliklə hazırda Tramp və onun hökumətinə qarşı beynəlxalq bir cəbhə formalaşmağa başlayıb. ABŞ-ın daxilində də ümumi narazılıqlar artmağa başlayıb. Bu isə Ağ Evi qarşıda çətin günlərin gözlədiyini deməyə əsas verir.

Teqlər

Şərhlər