Mar 15, 2019 15:52 Asia/Baku
  • Yeni Zelandiyada iki məscidə qarşı terror hücumlarında 49 nəfər ölüb

Yeni Zelandiyanın Kraysçörç şəhərinin ətrafındakı iki məscidə qarşı terror hücumlarında ölənlərin sayı qırx nəfəri ötüb.

Məlumatlara əsasən, silahlı terrorçular Kraysçörç şəhərinin ətrafında yerləşən "Linvud" və "Əlnur" məscidlərini atəşə tutublar. Bu hücumlarda 49 nəfər öldürülüb. 50 namazqılan da yaralanıbdır ki, onlardan bəzilərinin vəziyyəti ağır elan olunubdur.

Bu hücumların ardınca Kraysçörç şəhərinin məktəbləri bu gün bağlı elan edilib. Polis bu şəhərin sakinlərindən istəyibdir ki, evdən çölə çıxmasınlar və məscidlərə getməkdən çəkinsinlər.

Yeni Zelandiyanın baş naziri Casinda Ardren də bu cinayətləri pisləyib və onları misli görünməmiş zorakılıq hərəkətləri adlandırıb.

Bu terror hücumları Yeni Zelandiyanın ikinci böyük şəhəri olan Kraysçörç şəhərinin başlıca hissəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və gediş-gəlişin məhdudlaşmasına səbəb olubdur.

Digər məlumatlar da Kraysçörç şəhər xəstəxanasının qarşısında başqa bir atışmanın baş verməsindən söz açır.

Yeni Zelandiya polisi həmçinin "Əlnur" məscidindən təqribən üç kilometr aralıda yerləşən Striklend prospektində bir ədəd avtomobilə bomba yerləşdirilməsindən xəbər verib və bu şəhərin durumunu qarışıq və gərgin elan edibdir.

Belə bir halda, Avstraliyanın baş naziri Skott Morrison bildirib ki, Yeni Zelandiyanın Kraysçörç şəhərindəki məscidlərə hücum edənlərdən biri Avstraliya vətəndaşıdır.

Pakistanın xarici işlər nazirliyi də Yeni Zelandiyakı iki məscidə qarşı terror hücumlarını pisləyib.

2013-cü il siyahıyaalmasına əsasən, müsəlmanlar Yeni Zelandiya əhalisinin bir faizini təşkil edirlər.

Digər tərəfdən, medialar Yeni Zelandiyanın Oklend şəhərindəki bir dəmiryolu vağzalının yaxınlığında iki partlayışın baş verdiyini bildiriblər.

 

Şərhlər