Yan 21, 2017 11:39 Asia/Baku
  • İrlandiyanın yanğınsöndürmə rəsmiləri Plasko hadisəsi ilə bağlı başsağlığı veriblər
    İrlandiyanın yanğınsöndürmə rəsmiləri Plasko hadisəsi ilə bağlı başsağlığı veriblər

İrlandiya Respublikası paytaxtı Dublin şəhərinin yanğınsöndürmə əməkdaşları və rəsmiləri cümə günü İran İslam Respublikasının Dublindəki səfirliyinə gələrək və əklillər təqdim edərək İran xalqı və Plasko binası hadisəsində həlak olanların ailələrinin dərdinə şərik çıxıblar.

İRNA-nın məlumatına görə, İrlandiya Respublikası Yanğınsöndürmə Birliyinin nümayəndəsi olaraq Con Reyli bildirib: İran yanğınsöndürmə əməkdaşları Plasko ticarət binası hadisəsində şücaət və özlərini qurban verməyi çox gözəl əks etdirdilər və bir çox vətəndaşın xilas olmasına səbəb oldular. 

Reyli deyib: İrlandiya yanğınsöndürmə əməkdaşları İrandakı həmkarları ilə həmrəyliklərini yenidən bəyan edərək yanğınsöndürmə əməkdaşlarının xatirəsini yad edir və həlak olanların ailələrinin dərdinə şərik çıxır. 

Dublin şəhərində yanğınsöndürmə əməkdaşları və rəsmiləri həmçinin İranın səfirliyində xatirə dəftərinə öz ürək sözlərini yazıblar. 

İranın Dublindəki səfirliyinin müvəqqəti işlər vəkili Məhəmməd Əli İsgəndəri də irlandiyalı yanğınsöndürmə əməkdaşlarının səfirliyə gəlməsi və həmrəyliyini nümayiş etdirməsi ilə əlaqədar İran xalqının razılığını bildirib. 

Plasko ticarət binasında yanğının baş verməsi və uçması ötən iki gün ərzində İrlandiya və İngiltərə medialarında geniş əks olunmuşdur. 

Tehranda Plasko ticarət binasında 19 yanvar səhər saat səkkiz radələrində yanğın baş verib. Təxminən üç saat sonra 15 mərtəbəli bina tamamilə uçub.