Fransada Makron və Lepenə qarşı aksiyalar
Fransanın paytaxtı Paris şəhərində prezident seçkilərinin ikinci mərhələsinə yüksələn namizədlərə qarşı etiraz aksiyası keçirilib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, yüzlərlə fransız cümə axşamı Paris küçələrində aksiya keçirərək, prezident seçkilərinin ikinci mərhələsinə yüksəlmiş 2 namizədə qarşı şüarlar səsləndiriblər.
Keçmiş iqtisadiyyat naziri olan Emanuel Makron seçkilərdə müstəqil namizəd olaraq iştirak edir.
Mari Lepen isə sağçı Milli Cəbhə partiyasının namizədidir.
Daxil olan məlumatlara görə, Fransa polisi aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə edib.
Yüzlərlə aksiya iştirakçısı bəzi küçələri gediş-gəlişə bağlayaraq, "Nə Makron, Nə Lepen" şüarı veriblər.
Fransada prezident seçkilərinin birinci mərhələsi 23 Apreldə keçirilib.
Seçkilərdə 9 rəqib mübarizə aparırdı. Makron və Lepen seçkilərin birinci mərhələsində ən çox səs toplayan 2 namizəd olaraq 7 May 2017-ci il tarixində keçiriləcək seçkilərin ikinci mərhələsində rəqabət aparacaqlar.