Okt 06, 2017 19:28 Asia/Baku
  • AK bütün tərəflərin nüvə anlaşmasına sadiq qalmalarını istəyib

Avropa Komissiyası nüvə anlaşmasının təsirli olduğunu vurğulayaraq, bu razılaşmanın bütün tərəflərindən istəyibdir ki, onun maddələrinə sadiq qalsınlar.

Avropa Komissiyası bu gün bir bəyanatda bildirib ki, İranın nüvə anlaşması nəticəli olub və bütün tərəflər bu anlaşma əsasında özlərinin bütün öhdəliklərinə sadiq qalmalıdırlar.

Bəyanatda deyilir ki, Avropa Komissiyası nüvə anlaşması ilə bağlı bütün hadisələri yaxından və diqqətlə izləyir və qeyd edir ki, bu anlaşma BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi nüvə silahlarının yayılmasının qadağanına aiddir.

Avropa Komissiyası həmçinin vurğulayıb ki, MAQATE indiyədək səkkiz dəfə İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq edibdir.

Avropa Komissiyasının bu bəyanatı ABŞ prezidenti Donald Trampın dünəngecəki çıxışından sonra yayılıbdır.

Tramp iddia edibdir ki, İran nüvə anlaşmasının ruhuna sadiq qalmayıbdır.

Tramp dövləti oktyabrın 15-də özünün İranın nüvə anlaşmasına sadiqliyi barədəki yeni hesabatını konqresə təqdim etməlidir.

Ağ Ev-dəki yüksək səviyyəli bir rəsmi dünən bildiribdir ki, Tramp özünün yeni hesabatında İranın nüvə anlaşmasına sadiq qalmadığını elan etməlidir.

ABŞ prezidenti İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiq etməzsə, Amerika konqresi İrana qarşı sanksiyaların yenidən tətbiq olunması barədə altmış günlük fürsətə malik olacaqdır.

İran ilə altılıq qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin yanvarından qüvvəyə minib. Amma Amerika dövləti bu qrupun üzvlərindən biri kimi daim nüvə anlaşmasını pozur.

Teqlər