Noy 17, 2017 10:41 Asia/Baku
  • Quterreş terrorizmlə mübarizədən sui-istifadə haqda xəbərdarlıq edib

BMT baş katibi bəzi ölkələrin terrorizm əleyhinə siyasətlərinin insan haqlarına mənfi nəticəsi haqda xəbərdarlıq edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Britaniyada Şərq və Afrika Araşdırmalar Məktəbində tələbələr qarşısında çıxış edən Antonio Quterreş terrorizmlə mübarizə sahəsində bəzi siyasətləri və onun insan haqlarının pozulmasına təsirini tənqid edərək Kütləvi İnformasiya Vasitələrindən terror hadisələri ilə bağlı xəbərləri əks etdirərkən bəzi etnoslara qarşı ittiham barmağını tuşlamamalarını istəyib. 

Quterreş insan haqlarını nəzərə almadan terrorizm əleyhinə siyasətlərin tətbiq olunmasının yanlışlığı haqda xəbərdarlıq edib. 

BMT baş katibi hər hansı bir ölkəyə toxunmadan deyib: Terror aktlarına əl atan şəxslərin boya-başa çatdığı yer insan haqlarının pozulduğu ölkələrdir və həmin məsələ terrorizm üçün təhrikedici amilə çevrilir. 

Quterreş bildirib: Ümumiyyətlə terrorizm insan haqlarını inkar və məhv etməyə köklənib. Buna görə, insan haqlarını inkar və məhv etməklə terrorizmlə mübarizə heç vaxt nəticəyə varmayacaq.