Dek 13, 2017 11:08 Asia/Baku
  • Quterreş: İran nüvə anlaşmasına sadiqdir
    Quterreş: İran nüvə anlaşmasına sadiqdir

BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda İranın nüvə anlaşmasına tam sadiq qaldığını təsdiq edib.

Antonio Quterreş nüvə anlaşmasının icrasına nəzarət üzrə müştərək komssiyanın Vyana iclası ərəfəsində BMT-nin Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda ABŞ prezidentinin İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiq etməkdən çəkinməsini tənqid edib və deyib: Trampın hərəkəti bu anlaşmanın taleyini anlaşılmazlığa sürükləyib və sanksiyaların bərpa edilməsi İran ilə nüvə anlaşmasının gələcəyini təhdid edə bilər. 

Bu gün Vyanada keçirilməsi planlaşdırılan nüvə anlaşmasının icra prosesinə nəzarət üzrə müştərək komissiyanın 10-cu iclası ərəfəsində yayımlanan bu hesabatda bir daha ABŞ prezidentinin nüvə anlaşması əleyhinə iddialarının yalan olduğuna təkid edilib. 

Nüvə anlaşması getdikcə nüvə sanksiyalarından daha geniş miqyas almaqda olan bir məsələyə çevrilməkdədir. Tramp nüvə anlaşması ilə bağlı yekun qərarın qəbul edilməsini Konqresin ixtiyarına buraxıb. Qanuna əsasən Konqres bu xüsusda öz qərarını elan etmək üçün 2 ay möhlətə malikdir. Bu möhlət 15 dekabrda başa çatır və ABŞ prezidenti bu tarixdən sonra artıq istədiyi qərarı qəbul edə bilər. 

İran İslam Respublikası xarici işlər nazirinin müavini Abbas İraqçı bazar ertəsi günü "Böyük Qüdrətlər və Asiyanın Qərbində regional təhlükəsizlik" seminarının kənarında jurnalistlər qarşısında deyib: Tramp və ABŞ-ın yeni hökuməti İranın güclənməsinə səbəb olan nüvə anlaşmasını məhv etmək lazım gəldiyini deyirlər. Amma, Avropa və Təhlükəsizlik Şurasını bunun qarşısında dayanıb.

İraqçının qənaətinə görə, Avropanın nüvə anlaşmasını sadəcə iqtisadi maraqlar üzündən müdafiə etdiyini düşünənlər səhvə yol verirlər. Çünki, Avropa üçün nüvə anlaşmasının iqtisadi maraqları ABŞ ilə müqayisədə o qədər də önəmli deyil. Avropa heç vaxt 19 trilyon dollarlıq ABŞ bazarını İran kimi kiçik bir bazar üçün təhlükəyə atmaz. 

Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının Lüksemburqda keçirilən son iclasında nüvə anlaşmasının təhlükəsizlik baxımından Avropa üçün önəmli məsələ olduğu vurğulanıb. O zamandan bəri bütün Avropa rəsmiləri nüvə anlaşmasının Avropanın təhlükəsizliyi ilə əlaqədar olduğunu vurğulayırlar. 

Amma, nüvə anlaşmasının digər tərəfi yəni, İran İslam Respublikası nüvə anlaşmasını Avropanın təhlükəsizliyinə və ya ABŞ-ın təzyiqlərinə görə qəbul etməyib. İran bu anlaşmanı qarşılıqlı etimadın yaradılması və İrana qarşı bu saxta böhranın danışıqlar  yolu ilə həll edilməsi üçün qəbul edib. Bu anlaşma BMT-nin Təhlükəsizlik Şurası tərəfindən də təsdiq edilib. Amma, hələ də nüvə anlaşmasının ruhu və mətni ilə təzadda olan bəzi məsələlər var. Əlbəttə, nüvə anlaşmasının tam şəkildə icra edilməsinə mane olmaqda ABŞ və bəzi Avropa ölkələrinin məqsədi İranın müdafiə qüdrətini önləmək üçün danışıqların yeni mərhələsini başlatmaq və öz regional siyasətlərini İrana diktə etməkdir. İran isə raket potensialı başda olmaqla müdafiə qüdrəti ilə bağlı hansısa müzakirəyə heç vaxt icazə verməyəcək. Aydın məsələdir ki, əgər Amerika və ya Avropa təhlükəsizlik və müdafiə məsələsini irəli sürərlərsə, nüvə anlaşmasını itirmiş olacaqlar. Aydın olan bir məsələ var. Nüvə anlaşması yolunda iki məqsəd ardınca olmaq imkansızdır. Avropa zahirdə ABŞ-ın nüvə anlaşmasından çıxmaq yolunu izləmək istəmir. Britaniyanın xarici işlər naziri Boris Conson da Tehranda olduğu zaman bu məsələyə təkid etdi. Amma, unutmamaq lazımdır ki, nüvə anlaşması kollektiv bir anlaşmadır və beynəlxalq qanun və qaydalara əsasən, bütün tərəflər öz öhdəliklərinə əməl etməlidirlər.