Yan 12, 2018 10:42 Asia/Baku
  • Makron: Bütün tərəflər nüvə anlaşmasına sadiq qalmalıdırlar
    Makron: Bütün tərəflər nüvə anlaşmasına sadiq qalmalıdırlar

Fransa prezidenti Emmanuel Makron cümə axşamı ABŞ prezidenti Donald Tramp ilə telefon danışığında bütün tərəflərin nüvə anlaşmasına sadiq qalmaları vacibliyini vurğulayıb.

Yelisey sarayının verdiyi bəyanata əsasən, Emmanuel Makron bu telefon söhbətində İran ilə altılıq qrupu arasında əldə olunmuş nüvə anlaşmasının dəqiq icrası zərurətini vurğulayıbdır.

Makron ilə Tramp arasında telefon söhbəti elə bir halda baş tutubdur ki, ABŞ prezidenti bu gün İrana qarşı sanksiyaların dayandırılması barədə qərar çıxarmalıdır.

Tramp MAQATE-nin İranın nüvə anlaşmasına sədaqətini təsdiqləyən səkkiz hesabatına məhəl qoymadan ötən milad ili oktyabrın 13-də İran İslam Respublikasının nüvə anlaşmasına sədaqətini təsdiqləməkdən boyun qaçırdı və bu hərəkətlə nüvə anlaşmasının taleyini konqresə tapşırdı ki, İrana qarşı nüvə sanksiyalarının geriyə döndərilməsi barədə qərar çıxarsın. Konqres bu barədə qərar çıxarmaq üçün altmış günlük fürsətə malik olsa da, bu istiqamətdə heç bir addım atmadı.

İrana qarşı sanksiyaların dayandırılması barədə qərarı iki dəfə imzalamış Tramp bu gün üçüncü dəfə bu mövzuda qərar verməlidir. Əgər Tramp İrana qarşı sanksiyaların dayandırılması barədə qərarı yenidən təsdiqləməzsə, onda Vaşinqton nüvə anlaşmasından çıxmış hesab olunacaqdır.

Teqlər