Apr 17, 2018 21:42 Asia/Baku
  • Suriyaya hücum qərarı Mey üçün başağrısına çevrildi
    Suriyaya hücum qərarı Mey üçün başağrısına çevrildi

Suriyaya hücum qərarı ilə bağlı parlamentdə sorğu-suala çəkilən Tereza Mey çətin anların şahidi olub.

Britaniyanın Suriyaya edilən hücumda ABŞ-ın kənarında yer almasına etirazlar davamın bu ölkə parlamenti Pasxa bayramından sonra özünün ilk iş günündə məsələni araşdırmaq üçün fövqəladə iclas təşkil edib.

Baş nazir Tereza Mey Suriyaya edilən hücumla bağlı tənqidlərə cavab olaraq, bu təcavüzün öncəki hökumətlərin müstəqil ölkələrə hərbi müdaxilə məntiqi ilə üst-üstə düşdüyünü və haqlı bir addım olduğunu iddia edib.

Tereza Mey deyib: “Hücumla bağlı İngiltərənin baş prokuroru ilə məsləhətləşmişdik. Və o Suriyaya hücumun tamamilə qanuni olduğunu təsdiq etmişdi. Fövqəladə və humanitar vəziyyəti nəzərə alaraq, Parlamentin icazəsinə ehtiyac yox idi. Bundan başqa, məsələ ilə bağlı bir sıra məxfi məlumatlar var və bu məlumatların millət vəkilləri ilə bölüşməyi məsləhət görmədik.”

Leyboristlər partiyasının rəhbəri Ceremi Korbin isə baş nazirdən ABŞ prezidentinin könlünü ələ almaq yerinə, millət vəkilləri qarşısında cavabdeh olmasını istəyib. 

C.Korbin həmçinin, Suriyaya hücumun qanuni olmasına dəlalət edən faktların təqdim edilməsinə və ikili standartlara son qoyulmasını istəyib. Bu da Tereza Meyin xeyli narahat olmasına səbəb olub.

Ceremi Korbin deyib: “Əgər siz bu hücumun humanitar xarakter daşıdığını deyirsinizsə, bəs nə üçün müasir tarixin ən böyük insan faciəsinin yaşandığı Yəmənə heç bir əhəmiyyət vermirsiniz? Nə üçün Yəməndə müdafiəsiz insanları “kasset” bombaları kimi qadağan olunmuş silahlarla hədəfə alan Ərəbistana hücum etmirsiniz? Suriyada kimyəvi silah anbarlarını vurduğunuzu iddia edirsiniz. Bəs nəyə görə, həmin anbarlara yaxın ərazidə yaşayan insanların təhlükəsizliyini təmin etmək üçün heç bir tədbir görməmisiniz? Həmin məntəqədə yaşayan insanların kimyəvi zəhərlənməyə məruz qalmasına görə kim məsuliyyət daşıyır?”

Bu arada ümumi fikri həqiqətlərdən yayındırmaq məqsədi ilə media vasitələri tərəfindən aparılan geniş təbliğatlar da həqiqətləri təhrif edə bilməyib. 

Aksiya iştirakçılarından biri deyir: “Suriyaya edilən hücumun tamamilə yanlış və çirkin bir hərəkət olduğunu düşünürəm. Hökumət bizə yalan deyir. Britaniya və Amerika daim imperialist düşüncələrə malik olublar və hegemon dövlət olmaq istəyirlər. Mənim qənaətimə görə ABŞ, Britaniya və Fransa sadəcə mənfəət əldə etmək üçün Suriyaya hücum ediblər. Buna görə də onlar dünyadan üzr istəməlidirlər.”

Bir başqa aksiya iştirakçısı isə Suriyaya edilən hücumu dəlilik hesab edib: “Suriyaya edilən hücum ağılsızlıq idi. Xalqın bu hücumla müxalif olmasına baxmayaraq, dövlət əsassız iddialar ilə belə bir hücumda iştirak etdi. Buna görə də xalq qəzəblidir və hökumətin Suriya və müharibədən əl çəkməsini istəyir.”

 

Teqlər