Okt 18, 2018 13:44 Asia/Baku
  • Nyu-York Tayms: MKİ Qaşıqçının qətlində Bin Salmanın məsuliyyət daşıdığına inanır
    Nyu-York Tayms: MKİ Qaşıqçının qətlində Bin Salmanın məsuliyyət daşıdığına inanır

Nyu-York Tayms qəzeti çərşənbə günü axşam yazıb: ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının qətlə yetirilməsində Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın məsuliyyət daşıdığı qənaətinə gəlib.

İRİB-nin verdiyi məlumata görə, Nyu-York Tayms yazır: MKİ Qaşıqçının qətlə yetirilməsində Məhəmməd bin Salmanın məsuliyyət daşıdığına dair faktlara malikdir.

MKİ-nin sabiq şefi Con Bernan da son zamanlar NBC kanalına verdiyi müsahibədə Qaşıqçının qətlə yetirilməsi əməliyyatının Bin Salmanın icazəsi və şəxsi göstərişi olmadan baş tutmasını imkansız adlandırmışdı.

ABŞ hökuməti isə indiyə kimi Qaşıqçı olayına görə Ər-Riyadı qınamaqdan çəkinərək, Ər-Riyad ilə imzaladığı iri silah müqavilələrini qorumağa çalışır.

Vaşinqton Post qəzeti də çərşənbə günü axşam yazıb: Vaşinqton və Ər-Riyad Qaşıqçının qətlə yetirilməsi hadisəsində Bin Salmanın heç bir rolu olmadığına dair ssenari hazırlamağa çalışırlar.

Qaşıqçı 2 oktyabrda İstanbulda Ərəbistanın Baş Konsulluğuna daxil olduqdan sonra şübhəli şəkildə yox çıxıb.

Medialar bu hadisədən bir neçə gün sonra Qaşıqçının Ərəbistan konsulluğunda öldürüldüyü və cəsədinin konsulluq binasından başqa yerə köçürüldüyünü bildiriblər.

Dünya ictimaiyyəti Ər-Riyadın Qaşıqçı olayına aydınlıq gətirməsini istəyir.

Jurnalist Camal Qaşıqçının adı Ərəbistanda axtarışda olan şəxslər siyahısında olub. O, həbs olunmaqdan qorxduğu üçün bir il öncə Ərəbistanı tərk edərək, Vaşinqtona köçmüşdü.

Qardiyan qəzeti də son zamanlar yazıb: Ötən illərdə Ərəbistanda cərəyan edən  hadisələr aydın bir ülgüyə malikdir. Məhəmməd bin Salmanın vəliəhd olduğu zamandan Ər-Riyad kimliyindən asılı olmayaraq, bütün müxaliflərini amansız şəkildə repressiya edir.