Mart 07, 2019 16:22 Asia/Baku
  • Əbdüləli Məzarinin şəhadətinin ildönümü mərasimində qanlı terror

Əfqanıstanın İslam Birliyi Partiyasının rəhbəri şəhid Əbdüləli Məzarinin şəhadətinin 24-cü ildönümü münasibətilə keçirilən mərasimin terror hücumu və partlayışların hədəfinə çevrilməsi ilə, mərasim yarımçıq qalıb.

Əfqanıstan mənbələrinin bildirdiklərinə görə, bu gün cümə axşamı Kabilin şəhidlər xiyabanının yaxınlığında bir neçə partlayışın törədilməsi və terror hücumunun baş verməsi Əbdüləli Məzarinin şəhadətinin 24-cü ildönümü mərasiminin yarımçıq qalmasına səbəb olub. Bu terror hücumu Əfqanıstanın icra başçısı Abdullah Abdullahın mərasimdə etdiyi çıxış zamanı törədilib.

Əfqanıstanın milli birlik hökumətinin icra başçısının ikinci müavini Məhəmməd Mühəqqiq Abdullah Abdullahın çıxışından dərhal sonra, partlayışın ardınca yaranan çaxnaşmanın nəzarət altına alınması məqsədilə, mərasim iştirakçılarından sakitliyi qorumalarını istəyib.

Bu məlumata görə, mərasimin keçirilməsi ilə bir vaxtda ən azı 10 partlayış səsi eşidilib. Daha sonra, terrorçular mərasimin keçirildiyi məkana doğru hücum ediblər.

Bu terror aktının ehtimal olunan insan tələfatı barədə hələ ki məlumat yayılmayıb. İŞİD bu terror hücumunun məsuliyyətini üzərinə götürüb.

Əfqanıstanın İslam Birliyi Partiyasının rəhbəri Əbdüləli Məzari 24 il öncə Taliblər tərəfindən şəhid edilib.

 

Teqlər