Apr 22, 2019 08:36 Asia/Baku
  • Zelenski qələbədən sonra çıxış edib
    Zelenski qələbədən sonra çıxış edib

Ukrayna prezident seçkilərinin qalibi Vladimir Zelenski bildirib ki, ölkəsində sülh prosesini Rusiyanın iştirakı ilə bərpa etmək fikrindədir.

Bazar günü Ukrayna prezident seçkilərində qəti qələbə qazanmış komik Vladimir Zelenski tərəfdarlarına xitabən bildirib ki, onları məyus etməyəcək və ölkəsində sülhü Rusiyanın iştirakı ilə bərqərar edəcək.

Zelenski həmçinin keçmiş sovet respublikalarının xalqlarından istəyibdir ki, yeni rəhbərləri hakimiyyətə gətirsinlər.

Rusiya Xarici İşlər Nazirliyi də Vladimir Zelenskinin Ukrayna prezident seçkilərində qalib gəlməsinə reaksiyada bu qələbəni Ukrayna xalqının bu ölkənin daxili və xarici siyasətlərində dəyişiklik aparmaq üzrə səyinin nişanəsi kimi qiymətlindirib.

Vladimir Zelenski səslərin 73 faizini qazanaraq, Ukrayna prezident seçkilərinin ikinci turunda hazırkı prezident Pyotr Poroşenkoya qalib gəldi.

Ukrayna 2014-cü ilin aprelindən qərbpərəstlərin ozamankı hökumətə qarşı çevrilişinin ardınca Luqansk və Donetskdə hökumət ilə müxaliflərin qarşıdurmaları səhnəsidir.

Ukraynanın hazırkı hökuməti və onun qərbli müttəfiqləri, o cümlədən Amerika iddia edirlər ki, Rusiya Ukraynanın şərqindəki toqquşmalarda rol oynayır və bu ölkə müxaliflərini himayə edir. Moskva dəfələrlə Amerikanın və onun müttəfiqlərinin bu iddiasını rədd edibdir.