İyul 08, 2020 10:57 Asia/Baku
  • ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmən ayrıldı

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən ayrılıb.

SaharAzeri xəbər verir, ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmən ayrılıb. Bunu Nyu Cersidən senator və Amerika Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Bob Menendez bildirib.

Onun sözlərinə görə, Donald Tramp administrasiyası ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından rəsmən çıxdığına dair Konqresi məlumatlandırıb.

Digər tərəfdən, Amerika mətbuatına danışan və adı açıqlanmayan bir Ağ Ev rəsmisi isə rəsmi çəkilmənin bazar ertəsindən etibarən qüvvəyə minəcəyini və rəsmi bildirişin Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterresə göndərildiyini deyib.

Qeyd edək ki, Tramp aprelin 14-də Ümumdünya Səhiyyə Təşkilatını COVİD-19 epidemiyası ilə mübarizə aparmamaqda və Çinə yaxın olmaqda günahlandıraraq, təşkilata maliyyə dəstəyini dayandırdıqlarını elan edib.

Mayın 18-də həmin təşkilatın baş direktoruna məktub göndərən Tramp, əhəmiyyətli islahatlar aparmasa ABŞ-ın bu təşkilata verdiyi vəsaitin 30 gün sonra dondurulacağını bildirmişdi. Ancaq Tramp, verdiyi vaxt başa çatmadan mayın 29-da "Bu gün Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətlərimizə son qoyuruq" açıqlamasını verib.

Teqlər