Avq 07, 2020 07:58 Asia/Baku
  • ABŞ senatı TikTok tətbiqinə qarşı layihəni qəbul edib

Amerikada hökumət işçilərinin TikTok tətbiqindən istifadə etmələri qadağan edilib.

SəhərAzəri xəbər verir, Respublikaçıların əksəriyyət təşkil etdikləri ABŞ senatı cümə axşamı günü bir layihə qəbul edib. Layihəyə əsasən, bu ölkədə hökumət işçilərinin Çin məhsulu olan TikTok tətbiqindən istifadə etmələri qadağan olunub.

Bu layihə qanuna çevrilmək üçün növbəti mərhələdə demokratların rəhbərlik etdikləri ABŞ konqresinin nümayəndələr palatasında da qəbul edilməlidir.

ABŞ rəsmilərinin sözlərinə görə, TikTok tətbiqi Amerika vətəndaşları ilə bağlı məlumatları Çin hökumətinin ixtiyarına qoyur. Lakin bu tətbiqin müəllifləri və məsul şəxsləri irəli sürülən iddiaları rədd edərək, onları etibarsız adlandırıblar.

Donald Tramp vurğulayıbdır ki, TikTok-un Amerikadakı imtiyazı satılmalıdır, əks təqdirdə onun fəaliyyətinin davam etməsi mümkünsüzdür.

Pekin ilə Vaşinqton arasındakı çəkişmələr koronavirus pandemiyası və Honq-Konqda Çinin milli təhlükəsizlik layihəsinin qəbul olunması ilə özünün kulminasiya nöqtəsinə çatıbdır. Dəfələrlə Çini koronavirusun dünyada yayılması amili adlandıran Amerika, bu ölkəni məsələni gizlətməkdə ittiham edir. Digər tərəfdən, Çinin daxili işlərinə açıq-aşkar müdaxilədə Honq-Konq milli təhlükəsizlik layihəsini bu muxtar bölgənin istiqlaliyyətinin pozulması hesab edibdir.

Teqlər