Apr 12, 2018 16:48 Asia/Baku
  • Mançester derbisi
    Mançester derbisi

Mançester Yunayted 15 dəqiqə ərzində məğlubiyyəti qələbəyə çevirdi. Beləliklə sitizenlər bir daha nakam qalıb.

İngiltərə premyer liqasının 33-cü həftəsində Mançester Siti Əl-İttihad stadionunda Mançester Yunaytedi qəbul edib. Qarşılaşma Maurinyonun yetirmələrinin qələbəsi ilə başa çatıb. Bununla da Sitizenlərin çempionluğu bir daha təxirə düşüb.

Mançester derbisinin 25-ci dəqiqəsində Kompani, 30-uncu dəqiqəsində isə Gündoğanın fərqlənməsi ilə Sitizenlər hesabda 2-0 önə çıxmağı bacarsalar da, oyunun ikinci yarısında Mançester Yunayted təşəbbüsü ələ almağı bacarır. Qarşılaşmanın 53-cü və 55-ci dəqiqələrində Puqba sitizenlərin qapısına vurduğu 2 qol ilə hesabı bərabərləşdirir.

Oyunun 69-cu dəqiqəsində isə Smalnikin vurduğu qol ilə Yunayted hesabda önə çıxmağı bacarır.

Qarşılaşma 3-2 hesabı ilə Yunaytedin xeyrinə başa çatır.

Mançester Sitinin xalları bu məğlubiyyət ilə 84-də dayanmış olur. Buna baxmayaraq, hələ də ümumi sıralamada liderliyini qoruyur.

Bu, sitizenlərin ötən həftə, Avropa Çempionlar Liqasında Liverpul qarşısındakı məğlubiyyətinin ardınca təcrübə etdiyi ikinci məğlubiyyətdir.

Mançester Yunayted isə bu qələbə ilə xallarını 71-ə çatdırıb. Ümumi sıralamada isə 2-ci pilləyə yüksəlib.